CƏMİYYƏT
Beyləqanın Şahsevən kəndində ziyalılarla və gənclərlə görüş keçirilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Beyləqanda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda təşkil edilən regional konfrans çərçivəsində rayonun II Şahsevən kənd tam orta məktəbində I və II Şahsevən kəndlərində fəaliyyət göstərən 3 məktəbin pedaqoji kollektivi, gənclər və kənd ziyalıları ilə görüş keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra komitənin sədr müavini Gündüz İsmayılov çıxış edərək Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak edənlər arasında Şahsevən kənd sakinlərinin də olması faktına diqqət çəkərək, görüşün məhz bu kənddə keçirilməsinin təsadüfi olmadığını bildirib. Dini radikalizmin törətdiyi faciələrdən bəhs edən Gündüz İsmayılov qeyd edib ki, “Fitnə” sənədli filmində müsahibə verən şəxslərdən biri - övladı Suriyada həlak olmuş valideyn Şahsevən kənd sakinidir.
Komitənin sədr müavini ölkəmizin zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən bəhs edib. Bildirib ki, məzhəb müxtəlifliyi şəraitində multikultural cəmiyyətlərdə, xüsusilə İslam dininə mənsub toplumlarda ənənəvi İslamın zəifləməsi fonunda xarici təsirlərin güclənməsi prosesi gedir. Dini radikalizmin güclənməsi dinin siyasiləşdirilməsinə, tolerantlığın zəifləməsi ilə məzhəbçiliyin güclənməsinə, dini kimliyin milli kimliyə qarşı qoyulmasına, cəmiyyətdə qütbləşmənin və sosial təbəqələşmənin yaranmasına aparıb çıxarır. Belə cəmiyyətlərdə qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin artması, dünyəvi təhsilə qarşı çıxışların müşahidə olunması xarakterik haldır.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ətrafında danışaraq zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub.
Diskussiya şəraitində keçən tədbirdə dini radikalizmə qarşı birgə mübarizənin vacibliyi, bu sahədə ziyalıların və müəllimlərin üzərinə düşən vəzifələr, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb.