REGİONLAR
Beyləqanlı pambıqçılara dəstək aksiyası VİDEO
Beyləqan, 24 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunda pambıqçı fermerlərə dəstək aksiyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonun təhsil, mədəniyyət və səhiyyə işçiləri həftəsonu, qeyri-iş günlərində könüllü olaraq pambıq yığımında iştirak edir, strateji məhsulun tez və itkisiz yığılmasına kömək göstərirlər.
Aksiyada iştirak edən Niyazi adına şəhər musiqi məktəbinin direktoru Nigar Fətiyeva bildirib ki, havaların yağmurlu keçməsi pambıq yığımını ləngidə bilər. Məhsulun vaxtında itkisiz yığılması üçün musiqi məktəbinin kollektivi də könüllü olaraq pambıqçı fermerlərə dəstək aksiyasına qoşulublar.
Beyləqan rayon Statistika İdarəsinin verdiyi məlumata görə, 2016-cı ilin məhsulu üçün rayonda 3958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 1879 hektar çoxdur. Hazırda pambıqyığan kombaynların köməyi və əl əməyi ilə işlər sürətlə aparılır. Bu günədək tarlalardan 3245 ton məhsul toplanıb. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialına və “CTS Aqro” MMC-nin pambıq istehsalı və emalı zavoduna təhvil verilir.