DÜNYA
Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qaldırdığı iddia üzrə ictimai dinləmələr başlayıb
Tehran, 18 sentyabr, AZƏRTAC
BMT-nin Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qaldırdığı iddia üzrə ictimai dinləmələr başlayıb.
AZƏRTAC xəbər verir ki, rəsmi Tehran ABŞ-ı 1955-ci ildə imzalanan “Dostluq və Əməkdaşlıq haqqında” müqaviləni pozmaqda, şərtləri və üzərinə düşən öhdəlikləri yerinə yetirməməkdə günahlandırır.
Qeyd edək ki, ötən ildən davam edən məhkəmə prosesinin gedişində hakimlər İranın xeyrinə bir neçə qərar qəbul ediblər.
Ötənilki qərarda qeyd olunub ki, ABŞ-ın İranın səhiyyə sisteminə, kənd təsərrüfatına qarşı tətbiq etdiyi sanksiyalar qanunsuzdur və anti-insani xarakter daşıyır. Bu qərara baxmayaraq, ABŞ heç bir sanksiyanı aradan qaldırmayıb.
Sentyabrın 21-dək davam edəcək dinləmələr koronavirus pandemiyası ilə əlaqədar olaraq videokonfrans rejimində keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran