İDMAN
Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanda antidopinq sahəsində görülən işləri yüksək qiymətləndirib
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) və Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə keçirilən növbəti antidopinq seminarı Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) diqqətini cəlb edib.
AAAF-dən AZƏRTAC-a bildiriblər ki, IWF-in saytında Azərbaycanın dopinqlə mübarizəsini təqdir edən məqalədərc olunub.
IWF Pekin və London Yay Olimpiya oyunlarında idmançılardan götürülən analizlərin yenidən testdən keçirilməsi nəticəsində müsbət nəticə verən dopinq hallarına görə birillik diskvalifikasiyaya məruz qalan federasiyaların işinə nəzarət edir. Rəsmi saytda yer alan və Azərbaycanın bu sahədə fəaliyyətinin xüsusi vurğulandığı məqalədə məhz bu məqama diqqət yetirilir: “Yarışlardan kənarlaşdırılan milli ağır atletika federasiyalarında antidopinq maarifləndirmə seminarlarına nəzarət edən və onlara mədəni dəyişiklik üçün dəstək verən IWF-in istiqamət verdiyi sonuncu belə seminar Azərbaycanda başa çatıb. Yerli federasiyalar IWF-in genişmiqyaslı meyarları çərçivəsində hər dörd ayda ən azı bir dəfə antidopinq seminarları təşkil etməlidirlər. 2017-ci il dekabr ayından etibarən Azərbaycan, Türkiyə, Çin, Qazaxıstan, Ermənistan, Moldova və Ukraynada bu addımlar atılıb”.
Məqalədə dopinqlə mübarizənin vacibliyi və bu prosesdə belə seminarların böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
IWF prezidenti Tomaş Ayan da təmiz və sağlam idman mübarizəsinin təmin olunması üçün fəaliyyətin davam etdiriləcəyi, belə tədbirlər vasitəsilə qarşıda duran hədəflərə nail olmağa çalışacaqlarını bildirib.