REGİONLAR
Beynəlxalq Əlillər Günü Abşeronda qeyd olunub
Xırdalan, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Beynəlxalq Əlillər Günü münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, dövlət tərəfindən əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışan rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədova Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən bəhs edib.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda Beynəlxalq Əlillər Günü rəsmi şəkildə qeyd olunur. Bu gün cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, onları narahat edən problemlər həllini tapır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da əlillər diqqət və qayğı ilə əhatə olunub.
Fiziki məhdudiyyətli vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu diqqətə çatdıran İradə Gülməmmədova Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu məsələyə xüsusi həssaslıqla yanaşdığını bildirib.
Tədbirdə çıxış edən “Qarabağ qaziləri” ambutant futbol federasiyasının sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, Çernobıl Əlilləri Cəmiyyətinin Abşeron rayon bölməsinin sədri Rövşən Qədəşov Azərbaycanın MDB məkanında əlillərə pulsuz mənzillərin və avtomobillərin verildiyi yeganə ölkə olduğunu bildiriblər.