İQTİSADİYYAT
Beynəlxalq “Alstom” şirkəti Azərbaycan Dəmir Yolları üçün KZ8A yük elektrovozları göndərəcək
Bakı, 12 may (AZƏRTAC). Beynəlxalq “Alstom” şirkəti Azərbaycan Dəmir Yolları üçün 50 ədəd KZ8A yük elektrovozu göndərəcək. Azərbaycana bu cür elektrovozlar göndərilməsi haqda müqavilə mayın 12-də Bakıda keçirilmiş Azərbaycan-Fransa biznes forumunda, Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın iştirakı ilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, bu elektrovozlar 2016-2018-ci illərdə “Alstom” şirkətinin iştirakı ilə İEKZ müştərək müəssisəsi tərəfindən istehsal ediləcəkdir. Müqavilənin ümumi həcmi təxminin 300 milyon avro, o cümlədən “Alstom” şirkətinin kontrakt üzrə payı təxminən 150 milyon avro olacaqdır.
İmzalanmış sənədə əsasən, servis deposunun yaradılması, texniki dəstək və texniki xidmətin təmin edilməsi, habelə müştərinin işçilərinin öyrədilməsi də nəzərdə tutulur. Bu məsələlər yaxın altı ay ərzində müzakirə ediləcəkdir.
Bu gün keçirilmiş forum çərçivəsində “Alstom” şirkəti ilə Bakı metropoliteni arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Söhbət həm yeni metro xətləri üçün, həm də mövcud vaqon parkının tədricən yenilənməsi məqsədi ilə müasir vaqonlar istehsalı sahəsində əməkdaşlıqdan gedir. Tərəflər yaxın iki ay ərzində müvafiq kontraktın imzalanması barədə razılığa gəlmişlər.
Elektrik enerjisi istehsalı və nəqli üçün avadanlıqlar, habelə dəmiryol infrastrukturu avadanlıqları istehsalı sahəsində dünyada lider sayılan “Alstom” şirkəti təxminən yüz ölkənin bazarlarında fəaliyyət göstərir. “Alstom” Azərbaycanda 20 ildən çoxdur ki, iş aparır və ölkəmizin bazarlarında fəaliyyət göstərir.