CƏMİYYƏT


Beynəlxalq Əmək Təşkilatı “BƏT insanlara daha yaxın olur” adlı qlobal kampaniyaya başlayıb

Bakı, 11 yanvar, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Birləşmiş Millətlər Təşkilatının əmək münasibətlərinin tənzimlənməsi məsələləri ilə məşğul olan xüsusi qurumudur. Bu il BƏT-in yaradılmasından 100 il keçir.

AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, hazırda dünyanın 185 dövləti BƏT-in iştirakçısıdır. Azərbaycan bu təşkilata 1992-ci ildən üzv olub. BƏT özünün 100 illik yubileyi münasibətilə “BƏT insanlara daha yaxın olur” adlı qlobal kampaniyaya başlayıb.

Birinci Dünya müharibəsi başa çatandan az sonra – 1919-cu ildə, dünyada baş verən sosial dəyişikliklər fonunda yaradılmış BƏT-in əsas məqsədi bütün dünyada qadınlar və kişilər üçün layiqli əmək şəraitini təmin etməkdir.

BƏT-in qərargahı Cenevrədə yerləşir. 1926-cı ildə bu qərargahın qapıları hökumətlərin, işəgötürənlərin və əməkçilərin təmsil olunduğu BƏT-in üçtərəfli strukturunun rəmzi olan üç açarla açılıb.

BƏT-in baş direktoru Qay Rayder deyir: “Bu üç açarın hamısı eyni vaxtda burulanda, yəni hökumətlər, işəgötürənlər və əməkçilər bir-biri ilə dil tapmağı bacaranda qapılar açılır və sosial ədalət zəfər çalır”.

BƏT-in tətbiq etdiyi ilk beynəlxalq standartlar iş gününün müddəti, hamilə qadınların və südəmər uşaqları olan anaların müdafiəsi, işçilərin minimal yaşı, işsizliyə qarşı mübarizə, habelə gecə növbəsində iş kimi məsələlərə aid idi.

Birinci Dünya müharibəsindən sonrakı illərdə aşkar görünürdü ki, sosial ədalət sülhün rəhnidir. BƏT-in yaradılmasının zəruri olması Versal Sülh Müqaviləsində təsbit edilmişdi. Birinci qlobal münaqişənin “xarabalıqları” üzərində yaradılmış bu təşkilat İkinci Dünya Müharibəsi dövründə də öz işini davam etdirirdi. O vaxt BƏT-in qərargahı müvəqqəti olaraq Kanadaya köçürülmüşdü.

1944-cü ilin may ayında BƏT əmək sahəsində əsas prinsiplər və hüquqlar, habelə onların reallaşdırılması mexanizmləri haqqında bəyannamə qəbul etdi. Tarixdə Filadelfiya bəyannaməsi adı ilə məşhur olan bu sənəddə əməkçilərin yığıncaqlar keçirmək, birləşmək və işəgötürənlərlə danışıqlar aparmaq hüquqları təmsil edilib.

1945-ci ildə müstəqil beynəlxalq qurum kimi mövcud olan BƏT yenicə yaradılmış Birləşmiş Millər Təşkilatı sisteminin tərkib hissəsinə çevrildi. Müharibədən sonra BƏT-in tərkibində də mühüm dəyişikliklər baş verdi. BƏT-in sıralarına qoşulan ölkələr arasında inkişaf etməkdə olan dövlətlər çoxluq, sənaye cəhətdən inkişaf etmiş ölkələr isə azlıq təşkil edirdi.

BƏT-in qəbul etdiyi ən mühüm sənədlər sırasında Filadelfiya Bəyannaməsi ilə yanaşı 1977-ci ildə qəbul edilmiş “Çoxmillətli müəssisələr və sosial siyasət haqqında”, habelə 1998-ci ildə qəbul edilmiş “Əmək sahəsində əsas hüquqlar və prinsiplər barədə” bəyannamə xüsusi qeyd edilməlidir.

XXI əsrdə fəaliyyət sahəsini genişləndirmiş BƏT hazırda yerli xalqların, İHV infeksiyalı insanların, miqrantların, habelə qeyri-rəsmi məşğulluq sahəsində çalışan əməkçilərin hüquqlarının müdafiəsi kimi istiqamətləri də əhatə edir.

“BƏT insanlara daha yaxın olur” adlı qlobal kampaniyanın məqsədi beynəlxalq birliyin diqqətini milyonlarla insanın gündəlik həyatına bilavasitə təsir edən məsələlərə - gender ayrı-seçkiliyi, gənclər arasında işsizlik, iqlim dəyişmələri və süni intellektin istehsala tətbiqi kimi problemlərə cəlb etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.