CƏMİYYƏT
Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə edilib
Bakı, 2 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Bakıda təşkil olunan seminarda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin direktor müavini Xulud Əl Xaldinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə mühüm addımların atılmasına imkan verdiyini vurğulayıb. Nazir tam və səmərəli məşğulluq imkanlarının yaradılması istiqamətində Azərbaycanda fəal və məqsədyönlü dövlət siyasətinin aparıldığını, qeyri-neft sektorunun sürətli inkişafı şəraitində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrildiyini, işsizliyin azaldığını, əmək bazarında sabitliyə nail olunduğunu bildirib.
Ötən dövrdə BƏT-lə səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirən nazir diqqətə çatdırıb ki, “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” əməkdaşlıq müstəvisində birgə tədbirlərin ardıcıl və sistemli təşkili layiqli əməyin təbliği baxımından xüsusi önəm kəsb edir. Proqram çərçivəsində inklüziv inkişaf, layiqli məşğulluq və keyfiyyətli iş yerlərinin təşviqi, sosial təminatın və iş şəraitinin yaxşılaşdırılması, sosial dialoqun gücləndirilməsi və s. istiqamətlərdə işlər aparılmaqla, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni Məşğulluq Strategiyası (2018-2030) layihəsi hazırlanıb.
BƏT-lə birgə icra olunmuş “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək”, “Gənclərin məşğulluğu-öz biznesinə başla” layihələrinin əhəmiyyətini qeyd edən nazir özünüməşğulluq proqramının icrası, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, Dövlət Məşğulluq Xidmətinin potensialının artırılması, əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi və s. istiqamətlərdə ölkəmizdə aparılan işlərə BƏT tərəfindən göstərilən davamlı dəstəyi yüksək dəyərləndirib.
Görüşdə sosial yardım alan ailələrin potensialı müqabilində özünüməşğulluq proqramı ilə əhatə olunmasının təkmil mexanizminin qurulması, nazirliyin fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid pəncərə prinsipi üzrə təşkil edilməsi sahəsində işlərin aparıldığı və “Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi Qaydası”nın, Məşğulluq Strategiyası layihəsi üzrə Fəaliyyət Planının hazırlanmasının nəzərdə tutulduğu bildirilib. BƏT-lə əməkdaşlığın bu iş sahələrini, habelə pensiya, sosial yardım, müavinət, sistemlərinin təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi, müasir sosial reabilitasiya metodlarının tətbiqi, qeyri-rəsmi məşğulluğun miqyasının qiymətləndirilməsi, orta və uzunmüddətli demoqrafik təhlillərin aparılması və digər sahələri də əhatə etməsinin əhəmiyyətli ola biləcəyi qeyd olunub.
Xulud Əl Xaldi Azərbaycanda milli inkişaf prioritetlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluq təşkil etməsinin və həmin prioritetlərin hər biri üzrə müvafiq proqramlar əsasında konkret nəticələrə yönələn tədbirlərin həyata keçirilməsinin, o cümlədən əhalinin səmərəli məşğulluğunun təminatı sahəsində əldə olunan irəliləyişlərin təqdirəlayiq olduğunu qeyd edib.
Görüşdə BƏT-lə əməkdaşlığın gələcəkdə yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olunub.