Beynəlxalq Əmək Təşkilatının ekspertləri ilə görüş olub
AzerTAg.az
Bakı, 2 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri Kazutoşi Çatani və Anastasiya Dubova ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən dövrdə Azərbaycan və BƏT arasında uğurlu əməkdaşlıq gündəliyinin formalaşdığını, Azərbaycanın BƏT-in 58 Konvensiyasına qoşulduğunu qeyd edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, BƏT-lə birgə icra olunmuş proqram və layihələrin ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlarda əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb, BƏT-lə əməkdaşlıqda yeni Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanması işlərinin aparıldığını qeyd edib.
İşçi qüvvəsinin bacarıqlarının, rəqabət qabiliyyətinin artırılması sahəsində ölkəmizdə aparılan işlər diqqətə çatdırılıb.
İstehsalat təlimlərinin, peşə təhsili üzrə şagirdlik sisteminin, müəyyən təcrübə keçmənin, iş təcrübəsi proqramları üzrə təlimlərin təşkilinin bu sahədə əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, BƏT-lə əməkdaşlıq sahələrindən biri də istehsalat təlimi, təkmilləşdirilmiş texniki peşə təhsili və təlimi ilə əlaqədar şagirdlik üzrə normativ bazanın qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi olub.
Görüşdə istehsalat təlimləri üzrə şagirdliyin statusu, iş və təlim şəraitləri, əməyin və bacarıqların qiymətləndirilməsi, şagirdliklə əlaqədar gender bərabərliyi, şagirdlik proqramlarının tətbiqi məsələləri müzakirə olunub.



Xəbərin mətnində orfoqrafik səhv var