ELM VƏ TƏHSİL
Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunub
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 21 fevral - Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. Dilin xalqın varlığı, milli kimliyi olduğunu deyən M.Nağısoylu ilk dəfə Səfəvilər imperiyası dövründə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxdığını, həmin ərəfədən etibarən ana dilində yazan şairlərin sayının artdığını bildirib. Akademik bu təşəbbüsün Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdiyini və 1918-ci ildə Azərbaycan dilinin dövlət dili elan olunduğunu xatırladıb. SSRİ dövründə isə ana dilimizin dövlət dili səviyyəsinə yüksəldilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan M.Nağısoylu Ümummilli Liderin iradəsi nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verildiyini söyləyib. Eyni zamanda, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini, həmçinin ölkəmizdə yaşayan başqa xalqların öz dillərini sərbəst şəkildə işlətməsinə imkan verildiyini deyib.
Akademik son illərdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamların önəmini vurğulayıb, sənədlərin ana dilimizin inkişafına, təbliğinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət etdiyini bildirib. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladan alim Azərbaycan dilinin saflığının, zənginliyinin və axıcılığının şairin qəzəllərində özünü geniş büruzə verdiyini deyib.
Daha sonra akademik Nizami Cəfərov və professor Buludxan Xəlilov çıxış edərək Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyib, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşılmasının, eləcə də internet məkanında uşaqlar üçün ana dilində cizgi filmlərinin hazırlanmasının zəruriliyini qeyd ediblər.
Konfransda Elşad Abışovun “Azərbaycan dilinin inkişaf tarixinə bir baxış”, dosent Füzuli Mustafayevin “Kinomuz və dilimiz” və elmi işçi Rəxşanə Babazadənin “Ana dilinin saflığının qorunması” mövzusunda məruzələri dinlənilib.