İQTİSADİYYAT
Beynəlxalq Astronavtika Konqresində iştirak edən azərbaycanlı tələbələr məmnunluqlarını ifadə ediblər VİDEO
Vaşinqton, 26 oktyabr, AZƏRTAC
Azərbaycanın altı ali təhsil müəssisəsinin – Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı və Azərbaycan-Fransız Universitetinin istedadı və fəallığı ilə seçilən tələbələri Vaşinqton şəhərində baş tutmuş Beynəlxalq Astronavtika Konqresində “gənc səfirlər” qismində iştirak ediblər.
AZƏRTAC-a müsahibəsində Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürov konqresdə iştirak etməsindən məmnunluğunu ifadə edərək deyib: “Beynəlxalq Astronavtika Konqresinin iştirakçısı olduğum üçün çox sevincliyəm. Konqresdə mənimlə yanaşı, dünyanın bir çox universitetlərindən tələbələr qatılıb. Konqres boyunca kosmosun gələcəyi ilə bağlı keçirilən müxtəlif texniki sessiyalara qatıldım. Bu konqres biz tələbələrə kosmosun gələcəyi haqqında dəyərli məlumat əldə etmək və kosmos sahəsinə aid çoxlu sayda startaplarla tanış olmaq imkanı verdi. Əslində kosmik texnologiyalar Yer planetindəki həyatımızı daha da yaxşılaşdırmağa, ekoloji problemləri həll etməyə kömək edir. Tələbə olaraq iştirakçısı olduğum bu konqresdə kosmosa aid öyrəndiyim biliklər sayəsində mən də ölkəmizdə kosmik sahənin inkişafına öz töhfəmi vermək istərdim”.
Milli Aviasiya Akademiyasının tələbəsi Nigar Əsədova deyib: “Deyərdim ki, bu tarixi hadisə mənim tələbəlik həyatımın ən fərəhli anıdır. Texnologiyaya, xüsusilə, kosmik sahəyə böyük həvəsim var. Tələbəsi olduğum Milli Aviasiya Akademiyasında keçdiyim dərslər kosmik texnologiyaların təməli olduğu üçün bu sahə mənə çox maraqlı gəlir. İştirakçısı olduğum builki konqresdə kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə etdim. Düşünürəm ki, burada öyrəndiklərim gələcək aerokosmik sahədəki karyera inkişafıma öz töhfəsini verəcək və mən gənc mütəxəssis kimi Azərbaycanın kosmik proqramının bir parçası olacağam”.
Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində oktyabrın 25-də Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.
Xatırladaq ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu federasiya kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən bəri fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6 mindən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri və ən son innovasiyaları izləmək fürsəti əldə edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton