DÜNYA


Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vaxtından əvvəl vəzifəsindən gedə bilər

Vyana, 18 iyul, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Yukiya Amano vaxtından əvvəl vəzifədən gedə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələr təsdiqləyib. Məlumata görə, 72 yaşlı yaponiyalı diplomat səhhəti ilə əlaqədar gələn ilin mart ayında istefa verəcək.

BAEA-dan “Frans Press” agentliyinin yaydığı bu xəbərə münasibət bildirilməyib və qeyd edilib ki, Y.Amano “gələcək planları ilə bağlı” qurumun Müdirlər Şurası ilə ünsiyyətdədir. Rəsmi açıqlama uyğun bir vaxtda ictimaiyyətin diqqətinə çatdırılacaq.

Qeyd edək ki, Y.Amano 2009-cu ildən BAEA-nın Baş direktorudur. Onun mandatı 2021-ci ildə başa çatmalı olsa da, artıq son dövrlərdə mühüm tədbirlərdən kənarda qalması Y.Amanonun səhhəti ilə bağlı şayiələrin artmasına səbəb olub.

Ümumilikdə 171 ölkənin, o cümlədən Azərbaycanın üzv olduğu BAEA-nın Baş direktoru 35 dövlətin təmsilçilərindən ibarət Müdirlər Şurası tərəfindən seçilir. BAEA nüvə silahlarının yayılmasına qarşı mübarizədə mühüm rol oynayır, eləcə də müxtəlif ölkələrin nüvə proqramları ilə bağlı öhdəliklərinin icrasına nəzarət edir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.