CƏMİYYƏT


Beynəlxalq Avrasiya Mətbuat Fondu mina təhlükəsi ilə bağlı yeni layihəyə başlayıb

Bakı, 24 noyabr, AZƏRTAC

Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) layihəsinə start verilib.

BAMF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin başlaması ilə bağlı keçirilən tədbirdə çıxış edən təşkilatın prezidenti Umud Mirzəyev tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsinin dəhşətlərindən və Qələbəmizin yaratdığı qürur hissindən söz açıb. O, ordumuzun 44 gün ərzində erməni işğalından azad etdiyi ərazilərimizin mina və partlayıcı sursatlar, həmçinin partlamamış hərbi sursatlarla çirklənməsi ilə bağlı məlumat verib. U.Mirzəyev ANAMA tərəfindən intensiv minatəmizləmə əməliyyatlarının həyata keçirildiyini və bununla yanaşı əhalinin də minalanmış ərazilərlə bağlı maarifləndirilməsinin vacibliyini qeyd edib. Layihənin məqsədi, mahiyyəti və hansı regionlarda keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdıran BAMF-in rəhbəri müharibədən, onu ən ağır təhlükəsi olan minalardan əziyyət çəkən əhalinin bu istiqamətdə maariflənməsi, məlumatlı olması və daha məsuliyyətli davranış qaydalarına yiyələnməsinin zərurətindən danışıb.

Layihənin təlimçiləri partlamamış hərbi sursatlardan, minalardan və onların növləri barədə danışıblar. Onlar diqqətə çatdırıblar ki, layihənin məqsədi əhalinin minalanmış ərazilərdə özlərini qorumaq qaydalarını aşılamaq və böyük qayıdış zamanı qaydalara düzgün əməl etməyi öyrətməkdir.

Tədbir iştirakçıları arasında Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəqsanə Məmmədli, təlimatçı Musa Cəlalov, regional əlaqələndiricilər və icma nümayəndələri yer alıb. İştirakçılara təlimçinin hazırladığı testlər təqdim olunub və mövzu ilə bağlı onların bilik səviyyələri yoxlanıb.

Qeyd edək ki, layihənin icrası 10 rayonda nəzərdə tutulub. BAMF-in təşkilatçılığı ilə bu rayonlardan altısında (Tərtər, Bərdə, Füzuli, Göygöl, Goranboy və Daşkəsəndə) maarifləndirmə tədbirləri həyata keçirilir. Layihə qeyd olunan altı rayon və hər birində 10 min insan olmaqla, ümumilikdə 48 icma sakinini əhatə edəcək. Regionda aparılacaq maarifləndirmə tədbirləri mina və partlamamış silah-sursat təhlükəsi riskinin azaldılmasında önəmli rol oynayacaq.

Layihə 2022-ci ilin oktyabrınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.