Beynəlxalq Bank Şurasının növbəti iclası olub
AzerTAg.az
Bakı, 12 noyabr, AZƏRTAC
Özbəkistan Banklar Assosiasiyasının təşkilatçılığı ilə MDB, Mərkəzi və Şərqi Avropanın Bank Assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurası) “Rəqəmsallaşma pandemiyanın aradan qaldırılması kontekstində müasir bir maliyyə və bank sisteminin inkişafı üçün əsas tələb kimi və böhrandan sonrakı dövrdə bankların inkişaf strategiyası” mövzusunda videokonfrans formatında növbəti iclası keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından (ASA) AZƏRTAC-a bildirilib ki, iclasda Beynəlxalq Koordinasiya Şurasına daxil olan Rusiya, Belarus, Azərbaycan, Özbəkistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Monteneqro, Bosniya və Herseqovina, Orta və Şərqi Avropa, Ukrayna banklar birliklərinin və assosiasiyalarının rəhbər şəxsləri, habelə Rusiya və Özbəkistan Mərkəzi Banklarının nümayəndələri iştirak ediblər.
Videokonfransda ölkəmizin bank icmasını ABA-nın prezidenti Zakir Nuriyev və qurumun icraçı direktoru Yunus Abdulov təmsil ediblər.
İclas Beynəlxalq Bank Şurasının 3 il ərzində gördüyü işlərin nəticələrinin müzakirəsi ilə başlayıb. Tədbirdə pandemiya dövründə bank sisteminin rəqəmsallaşmasının prioritet istiqamətləri, o cümlədən postpandemiya dövründə maliyyə-bank sisteminin inkişaf strategiyası mövzusunda spikerlərin çıxışları dinlənilib. Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Y.Abdulov təmsil etdiyi qurumun pandemiya dövründə mövcud şəraiti nəzərə alaraq gördüyü işlər, rəqəmsal transformasiya sahəsində əsas fəaliyyət istiqamətləri, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi mövzularında məruzə ilə çıxış edib.
İclasın yekununda iştirakçılar Beynəlxalq Bank Şurasının cari rəhbərlərinin səlahiyyətlərinin uzadılmasına səs veriblər. Belə ki, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin MDB, Mərkəzi və Şərqi Avropanın Bank Assosiasiyalarının Beynəlxalq Koordinasiya Şurasının (Beynəlxalq Bank Şurası) növbəti dəfə 3 il müddətinə sədr müavini kimi səlahiyyətləri uzadılıb.

Xəbərin mətnində orfoqrafik səhv var