CƏMİYYƏT
Beynəlxalq Bankın sabiq rəhbəri ilə bağlı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Bakı, 19 iyul, AZƏRTAC
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1-ci və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə külli miqdarda ziyan vurulması faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri işin materialları ilə tanış ediliblər.
İş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.