CƏMİYYƏT
Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti azərbaycanlı həkim-rezidentlər üçün master-klas keçib
Bakı, 17 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina Bakı Sağlamlıq Mərkəzində azərbaycanlı həkim-rezidentlər və mütəxəssislər üçün master-klas keçib.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, “Birincili baş ağrılarının differensial diaqnostikası və menecmenti” mövzusunda çıxış edən professor Məsud Aşina bu sahəyə dair əldə olunmuş beynəlxalq təcrübəsini təlim iştirakçıları ilə bölüşüb. Baş ağrıları (sefalgiya) cəmiyyətə əhəmiyyətli dərəcədə sosial-iqtisadi ziyan vuran və dünyada əlilliyə ən çox gətirən on səbəb sırasındadır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində başağrısı tibb ictimaiyyətinin diqqətini çəkən ciddi problem kimi qəbul edilir.
Professor vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsnifatına əsasən, sefalgiyanı 4 növə ayırmaq olar: miqren; gərginlik tipli başağrısı; klaster başağrısı və dərmanların həddindən artıq istifadəsi nəticəsində əmələ gələn başağrısı. Bildirilib ki, miqren dünyada ən çox yayılmış və sosial əhəmiyyətli xəstəliklərdən biridir. Belə ki, dünyada qadınların təxminən 22 faizi, kişilərin isə 10 faizi bu xəstəlikdən əziyyət çəkir.
Sonda professor Məsud Aşina baş ağrılarının düzgün müalicəsini təmin etmək üçün səhiyyə işçilərinin peşəkar hazırlığı, dəqiq diaqnoz, eləcə də sadə həyat tərzinin dəyişdirilməsinin zəruri olduğunu qeyd edib.
Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətənini heç vaxt unutmayıb, diasporla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Bundan əlavə, ötən ilin avqust ayında tanınmış mütəxəssis Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina və Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina ilə birlikdə Bakı Sağlamlıq Mərkəzində Vətən müharibəsi iştirakçılarının üçgünlük planlaşdırılmış tibbi müayinə və müalicələrini aparıblar.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsud Aşina "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü seçilib.