DÜNYA
Beynəlxalq Cinayət Məhkəməsi: Liviyada sülh və sabitlik Qəddafinin oğlunun həbsindən asılıdır
Bakı, 7 noyabr, AZƏRTAC
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Baş prokuroru Fatu Bensuda BMT Təhlükəsizlik Şurasında Liviyada hərbi canilərin, o cümlədən Muammer Qəddafinin oğlu Seyf əl-İslamın məsuliyyətə cəlb olunması ilə bağlı hesabatla çıxış edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Baş prokurorun sözlərinə görə, Liviyada zorakılığın artması fonunda Seyf əl-İslam Qəddafinin, habelə hərbi cinayətlərdə ittiham edilən ölkənin Daxili Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Xaled Ət-Tuhami və xüsusi təyinatlı qüvvələrin komandiri Mahmud əl-Verfalinin həbs edilərək ədalət məhkəməsi önünə çıxarılması vacib məsələdir. Baş prokuror əlavə edib ki, Qəddafi onun işi üzrə yurisdiksiyanı qəbul etmir və bu məsələyə noyabrın 11-12-də keçiriləcək Apellyasiya Məhkəməsində yenidən baxılacaq. “Lakin Liviya hökuməti onu həbs etməli və məhkəmə qarşısına çıxarmalıdır”, -deyə Bensuda tələb edib.
ICC-nin baş prokuroru bildirib ki, hər üç şübhəli şəxsin yeri məlumdur: Ət-Tuhami hazırda Qahirədə, Qəddafi və əl-Verfali isə Liviyadadır. Sonuncu hətta Liviyanın hökumət qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak edir və bu yaxınlarda vəzifəsi böyüdülüb.
Fatu Bensuda xəbərdarlıq edib ki, BMT-nin beynəlxalq dəstəyi olmadan Liviyada sülhə nail olmaq mümkün deyil. “BMT Təhlükəsizlik Şurasında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıram: Liviya sonu görünməyən qardaş qırğınına cəlb olunacaq”, -deyə Baş prokuror bəyan edib. O əlavə edib ki, hərbi canilər törətdikləri ağır cinayətlərin cəzasız qaldığını görərək daha da cəsarətli olublar, onların bu əməllərinin qarşısı isə beynəlxalq səviyyədə razılaşdırılmış tədbirlərlə alına bilər.
ICC müstəqil daimi fəaliyyət göstərən məhkəmə orqanıdır. O, 1998-ci il iyulun 17-da İtaliyanın paytaxtında imzalanmış Roma statusuna uyğun olaraq təsis edilib və 2002-ci ildən sonra törədilmiş ağır cinayətlərin təhqiqatı ilə məşğuldur. ICC-in yurisdiksiyası soyqırımı cinayətləri, hərbi cinayətlərlə bağlı səlahiyyətlə məhdudlaşır.