İQTİSADİYYAT
Beynəlxalq Dəniz Təşkilatına üzv ölkələrin məcburi audit yoxlamasına hazırlıq prosesi müzakirə olunub
Bakı, 5 may, AZƏRTAC
Beynəlxalq Dəniz Təşkilatına üzv ölkələrin məcburi audit yoxlamasına hazırlıq prosesi müzakirə olunub.
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Dəniz Administrasiyasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsinin rüblük iclası keçirilib.
İclasda Üzv Dövlət və Benefisiar Ölkə tərəfindən layihə rəhbərləri və müşavirləri ilə yanaşı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin layihə üzrə Proqram meneceri, Proqram İdarəetmə Qurumunun nümayəndəsi, Dövlət Dəniz Administrasiyasının əməkdaşları iştirak ediblər.
İclasda adıçəkilən layihənin həyata keçirilməsi üzrə hesabatlar dinlənilib, görülən işlər, son dövr ərzində əldə olunan nailiyyətlər barədə geniş məlumat verilib, maliyyə hesabatları iştirakçılara təqdim olunub. “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə” 1996-cı il tarixli Protokola qoşulmaqla bağlı müvafiq sənədlərin Tvinninq layihəsi çərçivəsində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq hazırlanıb aidiyyəti üzrə təqdim olunması və adıçəkilən Protokolun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilməsi layihə rəhbərləri tərəfindən xüsusi olaraq vurğulanıb.
İclas zamanı, Beynəlxalq Dəniz Təşkilatına üzv ölkələrin məcburi audit yoxlamasına hazırlıq prosesi müzakirə olunub və bu prosesdə tvinninq layihəsinin göstərdiyi dəstək vurğulanaraq, normativ–hüquqi aktların işçi qaydada işlənib hazırlanması və qanunvericiliyin Avropa İttifaqı direktivlərinə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyü bildirilib.
Sonda, qeyd olunan tvinninq layihəsinin uğurlu icrasını nəzərə alaraq layihənin icra müddətinin artırılması imkanları müzakirə olunub.
Qeyd edək ki, adıçəkilən tvinninq layihəsinin başlıca məqsədi, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.