İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi: İyunda qlobal neft təklifi 96 milyon barrelə çatıb
Bakı, 14 iyul, Nihad Budaqov, AZƏRTAC
İyunda qlobal neft təklifi may ayı ilə müqayisədə gündəlik 600 min barrel artaraq 96 milyon barrelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı iyunda maya nisbətən gündəlik 400 min barrel artımla 33,21 milyon barrelə çataraq səkkiz ilin ən yüksək səviyyəsini göstərib. OPEC-in xam neftdən başqa digər şərti olmayan istehsalı isə gündəlik 6,83 milyon barrel olub. Bununla da OPEC-in ümumi neft istehsalı təxminən 40,03 milyon barrel təşkil edib.
OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı gündəlik 10,45 milyon barrel ilə rekord səviyyədə hasilat reallaşdırıb. Sanksiyaların ləğvindən sonra istehsalını sürətlə artıran İran isə ilin əvvəlindən indiyədək hasilatını gündəlik 750 min barrel artıraraq sutkada 3,66 milyon barrel səviyyəsinə çatdırıb. OPEC-ə üzv ölkələrdəki istehsalın rekord səviyyədə reallaşması ilə qlobal neft təklifi iyunda gündəlik 600 min barrel artaraq 96 milyon barrelə çatıb.
İyunda qeyri-OPEC ölkələrinin neft istehsalı isə gündəlik 205 min barrel artaraq 55,9 milyon barrel olub.
IEA-nın proqnozlarına görə, bu il qeyri-OPEC ölkələrinin neft təklifi keçən ilə görə gündəlik orta hesabla 900 min barrel azalaraq 56,5 milyon barrel olacaq. 2017-ci ildə isə bu həcm gündəlik 200 min barrel artımla 56,8 milyon barrelə çatacaq.
Hesabata görə, bu il qlobal neft tələbi keçən ilə nisbətən gündəlik 1,4 milyon artaraq 96,1 milyon barrel olacaq. 2017-ci ildə isə tələb 97,4 milyon barrelə yüksələcək. Gündəlik 33,6 milyon barellə ən çox neft tələbi Asiya Sakit okean ölkələrində, sonra o cümlədən gündəlik 31,4 milyon barrellə Amerikada olacaq.