İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi: Təbii qazda ikinci inqilab LNG-də yaşanacaq
Bakı, 24 noyabr, Nihad Budaqov, AZƏRTAC
ABŞ-da şist qazı istehsalındakı artım ilə təbii qazda ilk inqilab yaşanıb. Beynəlxalq Enerji Agentliyi (IEA) hazırda ikinci inqilabın mayeləşdirilmiş təbii qazda (liquefied natural gas-LNG) baş verəcəyini proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, agentliyin hesabatında təbii qazın 2040-cı ilə qədər yanacaqlar arasında mühüm rol oynayacağı bildirilir. Hətta LNG həcmlərinin artması ilə ikinci qaz inqilabı yaşana bilər.
IEA-nın icraçı direktoru Fatih Birol ikinci inqilabın qlobal bazarlarda yaranacaq LNG bolluğu ilə baş verəcəyini deyib: “ABŞ, Avstraliya, Kanada və Şərqi Afrikada yaranacaq yeni istehsal LNG həcmlərini artıracaq. Hazırda şist qazı inqilabından sonra ikinci bir inqilab başlayır. Bu da LNG inqilabı olacaq”.
“Bu, 2020-ci ilə qədər bazarlardakı tarazlığı dəyişəcək. Bazarda LNG bolluğu yaranacaq. LNG-nin ümumi qaz ticarətindəki payı 2000-ci ildə 26 faiz idisə, hazırda bu rəqəm 40 faizə çatır. 2040-cı ildə isə 50 faizi ötəcək. Boru kəmərləri ticarətindən çox LNG ticarətində artım müşahidə olunacaq”, - deyə F.Birol əlavə edib.