MƏDƏNİYYƏT
Beynəlxalq Gənclər Günü ilə əlaqədar “İnformasiya saatı” təşkil olunub
Bakı, 13 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Beynəlxalq Gənclər Günü ilə bağlı “İnformasiya saatı” keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana əməkdaşı Səidə Rəcəbova Beynəlxalq Gənclər Gününün təsis edilməsi haqqında oxuculara informasiya verməklə yanaşı, ölkəmizdə gənclər gününün ayrıca tarix olaraq qeyd edildiyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin gənclərə dəstək ənənəsinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq, kitabxanaçı gənclərin əhəmiyyətli fəaliyyəti, iştirak etdiyi beynəlxalq forumlar, eləcə də qatıldıqları tədbirlər və yarışlarda fərqlənmələri haqqında söhbət açıb. Qeyd edib ki, Azərbaycan gəncləri öz intellektual bacarığı, bilik səviyyəsi, yenilikçi və daim axtarışda olmaq keyfiyyətləri ilə dünya gənclərini üstələyir.
“İnformasiya saatı”nda həmçinin iştirakçılar dahilərin gənclik haqqında olan kəlamlarını səsləndiriblər.