İDMAN
Beynəlxalq Güləş Federasiyasının adı və loqosu dəyişdirilə bilər VİDEO
Bakı, 17 iyun (AZƏRTAC). Xorvatiyanın Dubrovnik şəhərində Beynəlxalq Güləş Federasiyası (FİLA) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda FİLA-nın fəaliyyəti, qarşıdan gələn tədbirlər barədə fikir mübadiləsi aparılmış, güləş idman növünün daha da inkişaf etdirilməsi məqsədilə yeni təkliflər irəli sürülmüşdür.
Güləş ictimaiyyətini maraqlandıran ən maraqlı təklif isə FİLA-nın adının və loqosunun dəyişdirilməsi təklifi olmuşdur. FİLA İcraiyyə Komitəsinin qərarına görə, qurumun adı UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası ilə əvəzlənə bilər.
İcraiyyə Komitəsinin bu qərarı bu ilin sentyabrında Özbəkistanın Daşkənd şəhərində keçiriləcək dünya çempionatı zamanı FİLA konqresində müzakirəyə çıxarılacaqdır. Konqresin müsbət rəy verəcəyi təqdirdə FİLA-nın adı və loqosu dəyişəcək və UWW - United World Wrestling / Birləşmiş Güləş Dünyası adlanacaqdır.