SİYASƏT
Beynəlxalq Humanitar Forum İran mətbuatının diqqətində
Tehran, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 25-26-da Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum İran mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, İranın İRNA Dövlət İnformasiya Agentliyi Forumun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Qeyd olunub ki, Forumda yüzə yaxın ölkənin nümayəndəsi iştirak edib. Nüfuzlu şəxslərin Bakıya toplaşaraq qlobal mahiyyət daşıyan problemləri müzakirə etməsi Azərbaycanın xoş məramından xəbər verir.
Sayt diqqətə çatdırıb ki, Forumun müxtəlif panellərində müzakirə olunan məsələlər aktual xarakter daşıyır. Məsələn, dünyanın müxtəlif ölkələrinin nüfuzlu media qurumlarının rəhbərləri yalan xəbərlərin mətbuata sirayət etməsinin qarşısının alınması problemini təhlil ediblər. Qeyd olunub ki, bir çox hallarda mətbuatdan bu və ya digər dövlətə qarşı siyasi təsir mexanizmi kimi istifadə olunur, bu da demokratiya, söz və vicdan azadlığı ilə ziddiyyət təşkil edir.
Materiallarda Azərbaycan dövlətinin başçısının Forumun keçirilməsi ilə bağlı təşəbbüsü yüksək qiymətləndirilib. Vurğulanıb ki, dünyanı narahat edən problemlərin Bakıda müzakirəsini təşkil etmək Prezident İlham Əliyevin qlobal xarakterli siyasi xadim olduğunu göstərir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran