SİYASƏT
Beynəlxalq İnformasiya Displeyləri Cəmiyyətinin konfransında həmyerlimiz də iştirak edib
Tokio, 25 iyun, AZƏRTAC
Yaponiyanın “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısı, LCD texnologiyaları sahəsində tanınmış mütəxəssis, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü doktor Xəlil bəy Kələntər Beynəlxalq İnformasiya Displeyləri Cəmiyyətinin (SID) bu günlərdə ABŞ-ın San-Fransisko şəhərində keçirilən illik konfransında iştirak edib.
Konfransla bağlı təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən alim bildirib ki, SID dünyanın ən böyük displey texnologiyaları cəmiyyətidir. Cəmiyyətin hər il keçirilən konfransında dünyanın müxtəlif ölkələrindən gələn səkkiz minədək tədqiqatçı iştirak edir. Bu elmi toplantıda 600-dək alim yeni texnologiyalar sahəsində qazandıqları nailiyyətlər barədə məruzələrlə çıxış edirlər.
Cəmiyyətin displey sistemləri üzrə proqram komitəsinin üzvü olan həmyerlimiz qeyd edib ki, dünyadakı müxtəlif universitetlərdən və şirkətlərdən konfrans üçün təqdim edilən məruzələri məhz həmin komitə seçir. Komitənin yanvar iclası zamanı seçilən məruzələr cəmiyyətin hər ilin may və ya iyun ayında təşkil olunan konfransının sessiyalarında müzakirəyə çıxarılır. Cari ildə doktor Xəlil bəy Kələntər konfransın altı sessiyasına sədrlik edib və onun rəhbərliyi ilə hazırlanan üç məruzə konfrans iştirakçılarına təqdim olunub.
Bundan əlavə, həmyerlimiz konfrans çərçivəsində təşkil olunan əcnəbi məruzəçilərin simpoziumuna da rəhbərlik edib.
Məlumat üçün bildirək ki, Xəlil bəy Kələntər 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. LCD işıqlandırılmasında istifadə olunan işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə 2007-ci ilin mayında xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan nüfuzlu İnformasiya Displeyləri Cəmiyyətinin fəxri üzvü seçilib.
Bundan əlavə, Xəlil bəy “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin üzvüdür.
Konfransın nəticəsi olaraq X.Kələntərin rəhbərliyi ilə yapon tələbələr tərəfindən hazırlanan məqalə xüsusi mükafata layiq görülüb.
San-Fransisko şəhərində təşkil edilən konfransda yeni məhsullara və innovasiyalara aid sərgi də iştirakçılara təqdim olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio