Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində 20-yə yaxın tədbir keçirilib

Tədbirin əsas spikeri robot "Sofiya" olub

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçirilib. 20-yə yaxın tədbiri əhatə edən “İnnovasiya həftəsinə” start VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində verilib.

İnnovasiya cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən həm yaradıcı iqtisadiyyat, həm də yaradıcı sənayelər üçün həlledici amildir. Azərbaycan innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqində böyük irəliləyişə nail olub. Bu gün innovasiya əlaqələnmə, ötürülmə və hərəkət deməkdir. İnnovasiyalar nəqliyyat, energetika, təbabət və kommunikasiyalar sahəsində hərtərəfli inkişafa gətirib çıxarıb. Qarşıdakı illərdə isə innovasiya bütün bu qazanılan nailiyyətlərin, əldə edilən nəticələrin bölüşdürülməsi və istifadəsini əhatə edəcək. Ölkəmizdə innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqi, startapların təşviqi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir.

Azərbaycan 5 ildir ki, kosmosu fəth edən ölkələr sırasına qoşulub. Bu müddət ərzində ölkəmiz orbitə 3 peyk buraxıb. Bunlardan ikisi telekommunikasiya, biri isə yer səthinin müşahidə peykidir. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bundan başqa, strartaplar, developerlər, dizaynerlərin iştirakı ilə kreativ sənayenin inkişafı təmin edilir. Ölkədə innovasiyaların tətbiqinin belə vüsət aldığı bir zamanda Beynəlxalq Humanitar Forum çərçivəsində “İnnovasiyalar həftəsinin” keçirilməsi çox zamanında təşkil olunmuş və faydalı bir tədbir oldu.

AZƏRTAC xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkil etdiyi “İnnovasiyalar həftəsində” iştirakçılar yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanış olub, konfrans, forum və yarışlarda iştirak edib, sərgini ziyarət edib, dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı əldə ediblər.

Humanitar Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonu fəaliyyət göstərib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu “Robopark”, “I2B İdeyadan Biznesə”, “Startaplar” və “Kommersiyalaşdırılmış layihələr” zonalarından ibarət pavilyonla tanış olub.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verib ki, ümumilikdə pavilyonda robotiks kursları, dronlar, küləklə işləyən cihazlar, xilasedici, rəngləri tanıyıb müvafiq qaydada ayıra bilən, müxtəlif əşyaların yerini təyin edən robotlar nümayiş olunur. Pavilyonun kommersiyalaşdırılmış layihələr bölməsində Azərbaycanın rəqəmsal mədəni irsinin də təbliğ olunduğu “Google Art & Culture” beynəlxalq rəqəmli incəsənət və mədəniyyət platforması fəaliyyət göstərir. Belə ki, yüzlərlə təşkilat, müxtəlif tədbirlər, obyektlər, eləcə də bir neçə Azərbaycan muzeyinin rəqəmli kontentləri bu platformada cəmləşib. Bölmədə ziyarətçilərin diqqətini çəkəcək “Virtual cərrahiyyə” də təqdim olunur. Bu layihə rəqəmli texnologiyaların tətbiqi vasitəsilə bərpaedici cərrahiyyədə yüksək funksional və estetik nəticələr əldə etməyə imkan verir. Sözügedən layihələrin hər biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alıb və Yüksək Texnologiyalar Parkının rezidenti olan startap layihələridir.

Pavilyonda “İdeyadan Biznesə” layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də Bakı şəhərində yerləşən ali təhsil ocaqlarından seçilən 3 qalib startapçı öz layihələrini təqdim edib. Bunlar “Xilaskar qolbaq”, “Ağıllı ev” və “Virtual tur” layihələridir. “Xilaskar qolbaq” insan təzyiqində qeydə alınan problemlərlə bağlı yaxınlıqdakı tibb məntəqələrinə və ya sahə həkimlərinə məlumatların ötürülməsini təmin edir. “Ağıllı ev” məişət cihazlarının məsafədən idarə olunmasına hesablanıb. “Virtual tur” isə onlayn rejimdə turizm obyektlərinin müəyyən edilməsi, bronlaşdırılması üzrə tətbiqdir. Xaricdə təhsil alan startapçılar da nazirliyin pavilyonunda öz məhsullarını təqdim etmək şansı qazanıblar.

“İnnivasiya həftəsinin” ən yaddaqalan tədbirlərindən biri Heydər Əliyev Mərkəzində keçirilən “Qlobal İnfluenser Günü” olub. Tədbirin çıxışçıları arasında süni intellekt sahibi, robot “Sofiya” da olub. O bildirib ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var.

Tədbirdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sofiya” ilə söhbət edib.

Tədbirdə informasiya dövründə insan beyninin inkişafından danışılıb. “Keepface DMCC” və “FA International Trade Events” tərəfindən təşkil olunan və “İnnovasiya həftəsi” çərçivəsində baş tutan “Qlobal İnfluenser Günü” Azərbaycanda müasir kommunikasiya və marketinq texnologiyalarına dövlət tərəfindən verilən önəmin təzahürü kimi qiymətləndirilib.

“Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov çıxışlarında iştirakçılara tədbir barədə məlumat verdikdən sonra influenser marketinqin ideya və fəlsəfəsi barədə danışdılar, üç il əvvəl fəaliyyətə başlayan və auditoriyası bir milyard olan “Keepface” Qlobal İnfluenser Marketinq Platformasının 35 ölkədə çalışdığını diqqətə çatdırdılar. “Fəxr edirik ki, Azərbaycanda yaranan və azərbaycanlılardan ibarət komandası olan platforma yerli brendləri dünyaya təqdim edir”, - deyən “Keepface” Qlobal İnfluenser Marketinq Platformasının həmtəsisçiləri onları dəstəkləyən Azərbaycan dövlətinə minnətdarlıqlarını bildirdilər.

Yüksək texnologiyalar və innovasiyalarla bağlı videoçarxın nümayişindən sonra hamının maraqla gözlədiyi çıxışçı, süni intellekt sahibi, robot “Sofiya” səhnəyə çıxdı. Sofiya “Qlobal İnfluenser Günü” ideyasını yüksək qiymətləndirdi və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. “Sofiya” Heydər Əliyev Mərkəzinin binasının möhtəşəm olduğunu qeyd etdi. O, bugünkü tədbirdə geyindiyi Azərbaycan milli geyimini də çox bəyəndiyini bildirdi.

Çıxışı zamanı “Sofiya” insan-robot münasibətlərinə də toxundu. “Bəziləri robotlardan qorxurlar, düşünürlər ki, yaxın gələcəkdə robotlar insanları özlərinə tabe edə bilərlər”, - deyən “Sofiya”nın sözlərinə görə, belə bir şey baş verə bilməz, çünki robotları yaradan insan zəkasıdır. Qeyd etdi ki, robotlar insanlara kömək etmək üçün yaradılır. O, səyahət etməyi xoşladığını söylədi, sosial şəbəkələrin əhəmiyyətinə toxundu, süni intellektin imkanlarından danışdı, Azərbaycanın üstünlüklərini vurğuladı. Bildirdi ki, fərqli mədəniyyətlərin, dinlərin təmsilçilərini bir araya gətirən Azərbaycanın böyük potensialı var. Çıxışı zamanı tamaşaçılar “Sofiya”nın zarafatının da şahidi oldular. “Sofiya” mətbəximizin nümunələrini dada bilmədiyindən təəssüfləndiyini bildirdi.

Sonra Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Fobia Viar” sərgisi ilə tanış oldu. “Fobia Viar” Azərbaycanda virtual reallığın ən iri mərkəzlərindən biridir. Buranı ziyarət edənlər yüksək texnologiyalara dair müxtəlif müasir aparatlarla tanış ola bilərlər. Bu sərgi təkcə “Game zona”, yəni, oyun məkanı kimi deyil, eyni zamanda, virtual reallıqla bağlı proqramların yaradıldığı bir mərkəz kimi təqdim edilir. Mərkəz virtual reallığın muzeylərdə incəsənət sahəsində tətbiqini həyata keçirir.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva robot “Sofiya” ilə ünsiyyət qurdu, şəkil çəkdirdi.

“Sofiya” dünyada ilk süni intellektli humanoid robotdur. Bu robot 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

“İnnovasiyalar həftəsi”ndə ölkəmizdə innovasiyaların inkişafı üzrə layihələr də təqdim edilib. “Bilik iqtisadiyyatı – Azərbaycanın innovasiya yol xəritəsi layihəsi”, “Azərbaycanda biliyə əsaslanan və innovativ iqtisadiyyatın inkişaf etdirilməsi – qiymətləndirmə və təkliflər sənədi”, “Azərbaycanın yüksək texnologiyalar sektoruna dəstək göstərilməsi üçün effektiv investisiya şərtləri və xüsusi müəssisələrə investisiya yatırılması qaydaları: yüksək texnologiyalara və İKT-yə investisiya yatırılması ilə Azərbaycanın gələcəyinin qurulması”, “Azərbaycanın gələcəyinin formalaşdırılması: rəqəmsal iqtisadiyyatın inkişafı üçün Milli Konsepsiyanın və innovativ strukturların inkişaf etdirilməsi – yüksək texnologiyalı müəssisələrin investisiyaları üçün Fəaliyyət Planı” təqdim olunub. Qeyd edək ki, innovasiyalar üzrə yol xəritələri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının ekspertləri tərəfindən hazırlanıb.

Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas hədəflər öz əksini tapıb. İnnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımlar atıldığını qeyd edən nazir, qanunvericilik bazasının təkmilləşdirildiyini, sənaye və texnoloji parkların yaradıldığını diqqətə çatdırıb.

“İnnovasiya fəaliyyətində yüksək texnologiyalar, o cümlədən informasiya və kommunikasiya texnologiyaları mühüm rol oynayır. İKT təhsil, səhiyyə, kənd təsərrüfatı, istehsalat, xidmət, sosial və sair sahələrdə innovasiyaların tətbiqinə geniş imkanlar açır. Müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini təmin etmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” təsis edilib, həmçinin Mingəçevir şəhərində “Yüksək Texnologiyalar Parkı” yaradılıb. Bu parklarda vergi və gömrük güzəştləri tətbiq edilir” ,- deyə nazir əlavə edib.

İnnovasiya fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirliyin “Yüksək Texnologiyalar Parkı”nda Biznes İnkubasiya Mərkəzi yaradıldığını bildirən nazir burada 30-dan çox startap layihəsinin fəaliyyət göstərdiyini vurğulayıb.

R.Quluzadə bildirib ki, nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi yüksək texnologiyalar sənayesində müxtəlif növ yeni materialların alınması, nanotexnologiyalar sahəsində prioritet olan istiqamətlər üzrə işlər aparır. İnnovativ sahibkarlığın dəstəklənməsi üçün nazirliyin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir. Kommersiyalaşmış uğurlu innovativ layihələrə güzəştli kreditlər verilir və daha uğurlu layihələrin maliyyələşməsi üçün Fond birgə investor kimi çıxış edir. Artıq bu məqsədlə 6 qrant müsabiqəsində 117 layihə maliyyələşdirilib.

Tədbirdə iştirak edən BMT-nin İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini Rastislav Vrbenski isə Azərbaycanın innovasiya sahəsində öz modelinin olduğunu bildirib. O, Beynəlxalq Humanitar Forumda innovasiyalar üzrə xüsusi panel iclaslarının keçirilməsini də bu sahəyə göstərilən diqqətin təzahürü kimi xarakterizə edib. Forum günlərində Heydər Əliyev Mərkəzində NRYTN tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonda real startap layihələri ilə tanış olmaqdan müsbət enerji aldığını, bu sahənin ölkəmizdə prioritet olmasının üstünlüyünü qeyd edib.

Ölkəmizdə startap hərəkatının geniş vüsət aldığını qeyd edən Rastislav Vrbenski BMT-nin İnkişaf Proqramı olaraq NRYTN ilə birgə startap layihələrinə dəstək verməkdən məmnunluğunu ifadə edib. Eyni zamanda, bildirib ki, bu sahədə həyata keçirilən işlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması prosesini sürətləndirir.

“İnnovasiyalar həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İKT Karyera Trendləri” adlı konfrans da keçirilib. Universitetin rektoru Mustafa Babanlı innovasiya həftəsinin əhəmiyyətindən və ölkədə innovasiyaların geniş yayılmasından danışıb. Sonra İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov konfransın gənclər üçün əhəmiyyətindən və Neuron şirkətinin direktoru İsmayıl Ələkbərov innovasiya sahəsi üzrə yeni kadrlara olan ehtiyacdan ətraflı danışıblar.

Konfrans müasir dövr üçün zəruri olan texnoloji peşələr haqqında təqdimatlar, bu peşələr üzrə karyera imkanları və yeni texnologiya trendləri kimi mövzuları əhatə edib.

Konfransda akademik təşkilatlar, dövlət orqanları və biznes strukturların nümayəndələri yeni informasiya texnologiyaları, kibertəhlükəsizlik, bulud texnologiyaları, “blockchain” və digər mövzular haqqında təqdimatlar ilə çıxış ediblər.

“İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fəaliyyət göstərən “AstroLabs” akseleratoru ilə əməkdaşlığa dair memorandum imzalayıb. Memorandum çərçivəsində birgə tədbirlərin keçirilməsi, Azərbaycanda fəaliyyət göstərən startapların Dubayda investorlarla ilə görüşlərin təşkil edilməsi, onlar üçün yeni bazarlara çıxmaq imkanları yaradılması üzrə işlər görüləcək.

Eyni zamanda, memorandum çərçivəsində Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirib, yeni beynəlxalq akselerator proqramları ilə əməkdaşlıq etməyə təkan yaradacaq.

“İnnovasiya həftəsi"nin yadda qalan tədbirlərindən biri də "Baku Open Cyber Cup" kiber idman turniri olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və "Microsoft Azerbaijan" şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçirilən turnirdə "Xbox" platformasında iki oyun növü üzrə ("FIFA 19", "Mortal Kombat" ) yarışlar olub.

Turnirdə 15 yaşdan yuxarı şəxslər iştirak edib. Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı Heydər Əliyev Mərkəzində keçirilən turnirdə öz gücünü sınayıb. Olimpiya sistemi üzrə keçirilən oyunlardan sonra qaliblər müəyyənləşdirilib. Yarışın qalibləri pul mükafatı ilə təltif edilib.

Turnir çərçivəsində Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən “Robofutbol” yarışları da təşkil olunub.

Robotexnikanın real imkanlarını nümayiş etdirməklə yeniyetmə və gənclərdə elm-texnikaya maraq oyadılmasına xidmət edən turnirdə seçilmiş ümumtəhsil məktəblərinin komandaları onlara məxsus robotlarla iştirak edib. Qeyd edək ki, robotlar 22 santimetrədək hündürlüyə və 1 kiloqram çəkiyə malik olublar. Eyni zamanda, robotlar yalnız “leqo” parçalarından istifadə edilərək hazırlanıb.

Qaydaya görə, komandada iştirakçıların sayı 2 və ya 3 nəfər olub. Komandaların hər biri iki avtonom robotla yarışıb. Bu robotlar “Dünya Robot Olimpiadası” standartlarına uyğun masada infraqırmızı şüalar ötürən topu təqib edərək rəqib komandanın qapısından keçiriblər.

Oyunların hər biri 5 dəqiqə olmaqla, iki hissədən ibarət olub. Final oyunu 10 dəqiqəlik müddəti əhatə edib. Komandalar final mərhələsinə keçmək üçün əvvəlcə qrup mərhələsini adlayıblar. Qrupda hər qalibiyyət 3 xal, bərabərlik 1, məğlubiyyət isə 0 xalla qiymətləndirilib.

“İnnovasiya həftəsi” çərçivəsində NRYTN və “Microsoft Azərbaycan” arasında əməkdaşlığa dair təqdimat keçirilib. Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” və “Microsoft” şirkəti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş mövcuddur. Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterləri (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin edilir, habelə ali təhsil müəssisələri akademik güzəşt ilə lisenziyalaşdırılır. Tədbir çərçivəsində nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azərbaycan” arasında “Əşyaların İnterneti (IOT)” laboratoriyalarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

“İnnovasiya həftəsi” çərçivəsində nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunda "Hackathon-AzIn 2018" müsabiqəsi də keçirilıb. Müsabiqə üç mərhələdən ibarət olub. “Hackathon”un birinci mərhələsi “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayıb. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyiblər. Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçilib.

Proqramçıların iki gün ardıcıl davam edən bu yarışmasında “Dostlar” komandası qalib gəlib. İkinci yeri “Express”, üçüncü yeri isə “MI learning” komandaları tutublar. Qalib komandaya 5 min, ikinci yer 3 min, üçüncü yerin sahiblərinə isə 1000 manat məbləğində pul mükafatları və müsabiqənin sponsorlarından dəyərli hədiyyələr təqdim edilib. Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınıb.

“Hackathon” ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.

“İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda konfrans da İnnovasiyalar həftəsi çərçivəsində keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və UNESCO-nun “İnformasiya hamı üçün” proqramı (IFAP) ilə birgə baş tutub. Konfransda çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya həftəsi” beynəlxalq sərgi və konfransı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazirin birinci müavini bildirib ki, “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan 20-yə yaxın tədbir Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda qarşıya qoyulan hədəflərə çatmaq üçün aparılan tədbirlərin bir hissəsidir.

Artıq Azərbaycanda İKT-nin geniş tətbiqini stimullaşdırmaqla əlverişli innovasiya mühiti yaradıldığını vurğulayan Əli Abdullayev innovasiyaların stimullaşdırılmasına və bazarların tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin və müəlliflik hüquqlarının qorunmasının əhəmiyyətinin kifayət qədər yüksəldiyini deyib. “Məhz innovasiyaların və texnoloji həllərin yaradılması, inkişafı və tətbiqi üzrə stimullaşdırıcı təsir vasitəsi olan və bu proseslərin ayrılmaz tərkib hissəsi hesab edilən əqli mülkiyyətin qorunması məsələləri bu səbəbdən aktuallıq kəsb edir”, - deyə nazirin birinci müavini qeyd edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransda çıxış edərək innovativ inkişafla əqli mülkiyyətin vəhdət təşkil etdiyini diqqətə çatdırıb. Kamran İmanov Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda söylədiyi “Gələcəyimiz innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” fikrinin fəaliyyətdə əsas götürüldüyünü bildirib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri öz çıxışında Azərbaycanın əqli mülkiyyət hüquqlarının qorunması göstəriciləri barədə ətraflı məlumat verərək sözügedən göstəricilər üzrə ölkəmizin MDB-də lider olduğunu deyib.

Konfrans öz işini rəqəmsal mühitdə əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, açıq məlumatlar və onlardan istifadə hüquqları, yeni texnologiyalar üzərində əqli mülkiyyətin təsdiqi məsələləri, yüksək texnologiyalar sahəsində patent alınması, elektron ticarətdə əqli mülkiyyətin qorunması mexanizmləri və problemləri kimi mövzular ətrafında məruzələr və müzakirələrlə davam etdirib.

Daha bir konfrans “AzInTelecom” MMC”, “Microsoft” və “Trend Micro” şirkətləri ilə birgə “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda keçirib. Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda “AzInTelecom” ilə “Microsoft”un tərəfdaşlığı çərçivəsində müştərilərə təklif edilən xidmətlər (MS Windows Server 2016, Office 365) barədə məlumat verilib. Tədbirdə “AzInTelecom” MMC şirkətinin direktor vəzifəsini icra edən Leyla Məmmədova və digərləri çıxış edərək kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti və bu lisenziyaların bulud üzərindən əldə olunacağı təqdirdə müştərilərə verə biləcəyi texniki və maddi üstünlükləri diqqətə çatdırıblar. Tədbirdə həmçinin “AzInTelecom” və “Trend Micro” şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlərin Data Mərkəzi müştəriləri üçün yaradacağı əlverişli imkanlardan danışılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub VİDEO

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib