İQTİSADİYYAT
Beynəlxalq İslam Biznesi Assosiasiyası Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 8 iyun, AZƏRTAC
Beynəlxalq İslam Biznesi Assosiasiyası (BİBA) Azərbaycandan olan biznesmenlərlə sıx əməkdaşlıq etməkdə maraqlıdır.
BİBA prezidentinin müşaviri İrşad Yunusov başda olmaqla Rusiya nümayəndə heyəti Bakıda səfərdə olub.
Nümayəndə heyətinin üzvləri Avropa İttifaqı-Azərbaycan Biznes Forumunun işində iştirak ediblər. Bu məkanda Avropa və Azərbaycan şirkətlərinin təmsilçiləri və rəsmi şəxsləri ölkəmizdə həyata keçirilən son iqtisadi islahatları, habelə bir sıra mühüm sənaye sahələrinin inkişafı məsələlərini müzakirə edirlər.
İrşad Yunusov TRAVEL.az turizm agentliyinin nümayəndəsi Emin Ramazanov ilə də görüşüb. E.Ramazanov AZƏRTAC-a bildirib ki, tərəflər müxtəlif istiqamətlər üzrə, o cümlədən halal turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
E.Ramazanov qeyd edib ki, müsəlman ölkələrindən Azərbaycana gələn turistlərin sayı artdığına görə hazırda otellərin çoxu öz qonaqlarına namaz xalçaları və xüsusi halal məhsullar təklif edir. Göstərilən xidmətlər arasında İslam mədəniyyəti ilə bağlı obyektlərə ekskursiyalar, hətta kişilər üçün ayrı və qadınlar üçün ayrı çimərliklər də var.
İ.Yunusov assosiasiyanın fəaliyyətinin əsas istiqamətləri və prinsipləri barədə söhbət açaraq vurğulayıb ki, BİBA prezidenti Marat Kabayev Azərbaycanda biznes əlaqələrinin və müxtəlif layihələrin inkişafına maraq olmasını dəfələrlə qeyd edib.
Xatırladaq ki, 2016-cı ilin axırlarından etibarən Rusiyada fəaliyyət göstərən BİBA Rusiya biznesmenlərini və beynəlxalq biznes-elitaları birləşdirən platformadır. Rusiyanın bir sıra regionlarında, habelə Türkiyə, Səudiyyə Ərəbistanı, Qazaxıstan və Azərbaycanda nümayəndəlikləri olan bu assosiasiya 57 dövlətlə əməkdaşlıq edir.