SİYASƏT


Beynəlxalq Jurnalistlər və Avropa Jurnalistlər federasiyalarının saytlarında azərbaycanlı media nümayəndələrinin minaya düşərək həlak olması ilə əlaqədar məlumat verilib

Bakı, 4 iyun, AZƏRTAC

Beynəlxalq Jurnalistlər Federasiyasının və Avropa Jurnalistlər Federasiyasının saytlarında azərbaycanlı jurnalistlərin Kəlbəcərdə ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olmaları ilə əlaqədar məlumat verilib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycanın Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadla iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin olduğu sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfərin – Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olduqları qeyd edilir.

Məlumatda Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Antoni Belangerin və Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrezin fikirləri də yer alıb. Onlar gələcəkdə dinc insanların ölümünün qarşısının alınması üçün Ermənistan rəsmilərini minalanmış ərazilərin xəritələrini təqdim etməyə çağırır, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı diləyirlər.

Materialda Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin də fikirlərinə istinad olunur: “Biz xarici həmkarlarımızı Ermənistana minalanmış ərazilərin xəritəsini verməsi üçün təzyiq göstərməyə çağırırıq. Bu, bir çox şəxsin, o cümlədən jurnalistlərin ölüm təhlükəsi ilə üzləşməsinin qarşısını ala bilər. Bu dəstək, eyni zamanda, regionda ədalətin, sülhün, təhlükəsizliyin, sabitliyin əsasını qoya və münaqişənin uzunmüddətli həllinə təkan verə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.