ELM VƏ TƏHSİL


Beynəlxalq Kosmik Stansiyanın orbiti 4,4 kilometr artırılacaq

Bakı, 15 may, AZƏRTAC

Rusiyanın Kosmik Uçuşları İdarəetmə Mərkəzi mayın 23-də Beynəlxalq Kosmik Stansiyanın orbitində düzəlişlər edəcək. Manevr “Proqress MS-10” yük gəmisinin mühərrikləri hesabına həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu TASS informasiya agentliyinə Kosmik Uçuşları İdarəetmə Mərkəzinin nəzdində olan Federal Dövlət Uçuşları İdarəetmə “TSNİİmaş” tədqiqat institutunun mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, düzəliş zamanı mühərrik qurğusu 20 dəqiqəyə yaxın işləyəcək və manevr nəticəsində Beynəlxalq Kosmik Stansiyanın orbitinin orta hündürlüyü 4,4 kilometr artaraq 413,1 kilometrə çatacaq. Orbitin bundan əvvəlki düzəlişi 2019-cu il martın 23-də aparılmışdı və 1,2 kilometr artırılmışdı.

Manevrin məqsədi Rusiya nəqliyyat kosmik gəmiləri üçün ballistik şəraitin yaradılması, həmçinin “Soyuz MS-11” pilotlu kosmik gəmisinin enişi imkanlarının yaxşılaşdırılmasıdır. Bundan əvvəl “Roskosmos”un yaydığı məlumatda bildirilmişdi ki, kosmik gəminin Beynəlxalq Kosmik Stansiyaya birləşməsi iyunun 25-nə nəzərdə tutulub. Uzunmüddətli ekspedisiyadan sonra kosmonavtlar Oleq Kononenko, Enn Makkleyn (NASA) və David Sen-Jak (Kanada Kosmik Agentliyi) bu gəmi ilə Yerə qayıdacaqlar. Onlar bu kosmik gəmi ilə 2018-ci il dekabrın 3-də orbitə yollanıblar.

Növbəti “Proqress MS-12” yük gəmisinin kosmosa buraxılması bu il iyulun sonunda həyata keçiriləcək. Daha bir pilotlu kosmik gəmi - “Soyuz MS-13” isə iyulun 20-də kosmik fəzaya göndəriləcək. Bu gəmidə kosmosa uçacaq yeni ekipaja rusiyalı Aleksandr Skvortsov, NASA-nın astronavtı Endryu Morqan və Avropa Kosmik Agentliyinin nümayəndəsi Luka Parmitano (İtaliya) daxildirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.