DÜNYA


Beynəlxalq Məhkəmədə “İran işi” prosesi davam edir VİDEO

Tehran, 10 oktyabr AZƏRTAC

Oktyabrın 10-da BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qaldırdığı vəsatət əsasında başlanan proses davam edib.

AZƏRTAC xəbər verir ki, İran vəsatət qaldıraraq ABŞ-ı 2 milyard dolları mənimsəməkdə və 1955-ci ildə hər iki dövlət arasında imzalanan iqtisadi əməkdaşlıq və dostluq haqqındakı müqaviləni pozmaqda ittiham edir.

Məhkəmədə ABŞ-ın vəkilləri çıxış edərək, istər İranın 2 milyard dollar vəsaitini qaytarmamaqda, istərsə də İrana qarşı sanksiyalar tətbiq etməkdə haqlı olduqlarını sübut etməyə çalışıblar.

Tehran Universitetinin professoru, beynəlxalq hüquq üzrə mütəxəssis Əli Biqdeli bildirib ki, 1996-cı ildə ABŞ məhkəməsi suveren dövlətin hüquqlarını pozaraq beynəlxalq məsələ haqqında qərar çıxarıb. Bu qərara əsasən İranın ABŞ banklarında saxlanılan pullarına həbs qoyulub. Daxili məhkəmənin belə bir qərar qəbul etmək ixtiyarı yoxdur. Dünyanın heç bir dövləti ABŞ məhkəməsinin qərarına tabe ola bilməz.

Professorun sözlərinə görə, İranın Haaqa Beynəlxalq Məhkəməsində qalib olacağı şübhəsizdir. Haaqa məhkəməsinin icra mexanizmi olmadığı üçün ABŞ-dan məhkəmənin qərarını yerinə yetirəcəyini gözləməyə dəyməz. Lakin prosesin İranın qələbəsi ilə nəticələnməsi beynəlxalq aləmdə ABŞ-ın nüfuzuna mənfi təsir göstərəcək. Digər dövlətlər də aktivlərini ABŞ banklarında saxlamaqdan ehtiyat edəcəklər.

Məhkəmə prosesi qərb mətbuatı tərəfindən diqqətdə saxlanılır. Artıq mətbuatda bu proses ilə əlaqədar dərc olunan materiallarda “İran işi” ifadəsi yer alıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.