CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatı əmək müfəttişləri üçün seminar təşkil edib
Bakı, 29 aprel, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Bakıda insan alverinə qarşı mübarizə üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinin 20 əməkdaşının iştirakı ilə seminar təşkil edib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir Avropa İttifaqı və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşaviri Simona Qatti seminarda çıxış edərək təşkilatın insan alverinə qarşı mübarizədə rolunu və üzərinə götürdüyü öhdəliklərini xüsusi vurğulayıb.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qjorjiyev seminarın əmək müfəttişlərinin işinə töhfə verəcəyinə və onların insan alverinə qarşı mübarizədə potensiallarını artıracağına əminliyini bildirib.
Layihənin əsas məqsədi insan alverinə qarşı səmərəli mübarizə və bu bəlanın qurbanlarının müdafiəsi üçün Azərbaycan hökumətinin imkanlarını gücləndirməkdir.