CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatı könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımı göstərir
Bakı, 22 fevral, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri (AVRR) çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxsləri reinteqrasiya yardımı ilə təmin edib.
BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu layihə çərçivəsində təşkilatın dəstəyi ilə gəlir gətirən fəaliyyətin qurulması üçün Yevlax rayonunun Havarlı kəndində bir ailə 10 baş iribuynuzlu mal-qara, Kürdəmir rayonunun Karrar kəndində könüllü geri qayıdan bir şəxs isə 32 baş qoyun satın alınıb.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Təşkilatın göstərdiyi reinteqrasiya yardımının əsas hissəsi könüllü geri qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat (qoyunçuluq, maldarlıq), xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir. Bu dəstəyin əsas məqsədi geri qayıdanların dayanıqlılığını təmin etmək və beləliklə, mənşə ölkələrinə könüllü qayıdan şəxslərin özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi kimi bərpa etmələrinə yardım göstərməkdir.
Beynəlxalq Miqrasiya Təşkilatı AVRR layihələri çərçivəsində qayıdanların mikro-biznes fəaliyyətinə dəstək olmaqla yanaşı, onlara müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardımlar edir.