CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ağdam rayonunda icma üzvləri üçün maarifləndirmə təlimi təşkil edib
Bakı, 10 sentyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin əməkdaşları qurumun Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunda yerləşən Mirəşelli kəndinin icma üzvləri üçün maarifləndirmə təlimi keçib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təlim icma təhlükəsizliyi, suyun səmərəli istifadəsi, kəhrizlərə texniki qulluq və COVID-19 profilaktikası kimi mövzuları əhatə edib.
Təlimlə yanaşı, BMqT-nin əməkdaşları COVID-19 ilə bağlı tövsiyə və qaydaları, gigiyena prosedurlarını əks etdirən broşürləri və qorunma vasitələrini icma üzvləri arasında paylayıblar. Həmçinin kəndin əhalinin ən çox toplaşdığı yerlərində COVID-19 barədə məlumat lövhələri yerləşdirilib.
Nümayəndəlikdən ümumilikdə layihənin həyata keçirildiyi 8 rayonun 40 icmasından olan benefisiarlar arasında koronavirusdan qorunmaq üzrə treninqlərin keçirilməsi, gigiyenik vasitələrin paylanmasını planlaşdırır.
Layihə məcburi köçkünlərin də sıx məskunlaşdıqları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədi daşıyır. Həmçinin layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlılığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.