CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi COVID-19-dan qorunma tədbirlərində icmalara dəstək göstərir
Bakı, 2 sentyabr, AZƏRTAC
COVID-19 pandemiyasının başlaması ilə təmiz və təhlükəsiz su mənbələrinin və gigiyena vasitələrinin çatışmamazlığı kənd yerlərindəki icmalar və həssas qrupların sağlamlığı üçün risk yaradıb. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) koronavirusun yayılmasının qarşısının alınmasına dəstək vermək və icmaları əsas profilaktik tədbirlərdə iştirak etməyə təşviq etmək səyləri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə bağlı tövsiyə və qaydalarını, gigiyena prosedurlarını göstərən plakatlar Ağdam rayonun Bənövşələr və Goranboy rayonun Sarov kəndlərində yerləşdirilib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, məqsəd COVID-19 ilə əlaqədar maarifləndirmə işini genişləndirmək, icma üzvlərini və ailələrini sağlamlığın qorunmasına dair lazımlı və dəqiq məlumatlarla təchiz etməkdir. Plakatlarda COVID-19 haqqında ümumi məlumat, əllərin yuyulmasının əhəmiyyəti, tibbi maskalardan istifadə qaydaları ilə bağlı mətnlər yer alır.
Hökumət karantin rejimini yumşaltdıqdan sonra nümayəndəlik bu virusdan qorunmaq məqsədilə layihənin icra edildiyi 8 rayonun 40 icmasından olan benefisiarlar üçün treninqlərin keçirilməsini, gigiyenik vasitələrin paylanmasını nəzərdə tutur. Bu cür təbliğat işi digər icma üzvləri arasında hələ ki internet vasitəsilə aparılır.
Qeyd edək ki, KOICA-nın maliyyə dəstəyi ilə BMqT tərəfindən həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədi daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlılığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisini də özündə cəmləşdirən komponentlərə malikdir.