CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Gənclər evlərini dəstəkləməkdə davam edir
Bakı, 7 iyun, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində bölgələrdə yerləşən və həssas qruplarla işləyən Gənclər evlərini dəstəkləməkdə davam edir.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təşkilatın yerli tərəfdaşlarla işbirliyi çərçivəsində Şirvan Gənclər evində kompüter otağının imkanlarını artırılmasına dəstək verilib. Bu çərçivədə kompüter laboratoriyası səkkiz monoblok kompüter, bir sürətli masaüstü kompüter və bir proyektor ilə təmin edilib. Laboratoriyadan yalnız Şirvanda yaşayan gənclər deyil, həm də Saatlı, Sabirabad, Hacıqabul və Salyan rayonlarından olan gənclər də istifadə edirlər.
“Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində oxşar “USAID LAB” adlı İKT - Kompüter laboratoriyaları Balakən Gənclər evində, eyni zamanda, Lənkəran Dövlət Universitetində və Gəncədəki Azərbaycan Texnologiya Universitetində də yaradılıb.
COVID-19 pandemiyası ilə əlaqədar məsafədən və rəqəmsal platformalarda həyata keçirilən elektron təhsilin əhəmiyyətinin artması ilə təlim-tədris metodları əsaslı şəkildə dəyişib. Bu baxımdan USAID tərəfindən dəstəklənən kompüter laboratoriyaları istər Gənclər evləri, istərsə də universitetlərin onlayn tədris imkanlarının daha da genişləndirilməsinə, gənclərin İKT bacarıqlarının artırılmasına mühüm töhfə verir. Həmin kompüter laboratoriyaları Azərbaycanın müxtəlif regionlarında yaşayan gənclər tərəfindən istifadə edilməkdədir.