CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Lənkəranda əmək yarmarkası təşkil edib
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Lənkəranda əmək yarmarkası (karyera günləri) təşkil edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq şəraitində Heydər Əliyev Mərkəzlərində təşkil edilən yarmarka Lənkəranda böyük maraq doğurub. Yarmarkada 40 şirkət 300-dən çox vakansiya ilə təmsil olunub.
Xatırladaq ki, layihə çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əmək bazarına çıxışa dəstək, potensialın artırılması və digər məsələlər nəzərdə tutulub. Bu fəaliyyətlərdən biri də region gəncləri üçün kiçik biznes təlimlərinin təşkilidir. Bu məqsədlə Quba, Lənkəran və Gəncə şəhərlərində ümumilikdə 60 gənc üçün üçgünlük intensiv kiçik biznes təlimləri təşkil olunacaq. Təlimi uğurla başa vuracaq və biznes planı yüksək qiymətləndiriləcək iştirakçılara kiçik sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün dəstək göstəriləcək.
Üçgünlük biznes təlimləri fevral-mart aylarında keçiriləcək. İlkin seçim mərhələsini uğurla başa vuracaq gənclər təlimlərə dəvət olunacaqlar. Təlimlərdə fəallığı ilə seçiləcək gənclər biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün müvafiq plan hazırlayıb təqdim etmək hüququ qazanacaqlar.