CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi bölgələrdə ali təhsil müəssisələrinə dəstəyi davam etdirir
Bakı, 4 dekabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində yerli qurumlar və ali təhsil müəssisələrinin region gənclərinin təhsil və peşə hazırlığı sahələrindəki fəaliyyətlərini dəstəkləməkdə davam edir.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, BMqT yerli tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Lənkəran Dövlət Universitetində “USAID LAB” adlı İT/Kompüter dərsləri üçün mərkəz yaradıb. Laboratoriya 17 kompüter, daxili proyektorlu interaktiv lövhə və lazımi mebellər ilə təmin edilərək qurulub.
Koronavirusun yayılması nəticəsində məsafədən və rəqəmsal platformalarda həyata keçirilən elektron təhsilin yüksəlişi ilə tədris forması kəskin şəkildə dəyişib. Bu baxımdan həmin laboratoriya pandemiyadan sonrakı dövrdə universitetin onlayn dərslər tədris etmə imkanlarını daha da genişləndirəcək. “USAID LAB” universitetin tələbə və müəllim heyəti tərəfindən istifadə ediləcək.