CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi bölgələrdə yerli ali təhsil müəssisələrinə dəstək göstərir
Bakı, 19 yanvar, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində yerli qurumlar və ali təhsil müəssisələrinin region gənclərinin təhsil və peşə hazırlığı sahələrindəki fəaliyyətlərini dəstəkləməkdə davam edir.
BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə layihə çərçivəsində yerli tərəfdaşlarla işbirliyi şəraitində Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində “USAID LAB” adlı IT-kompüter dərsləri üçün mərkəz yaradılıb. Laboratoriya 17 kompüter, eləcə də zəruri mebellər ilə təmin edilərək qurulub.
Qeyd edək ki, həmin layihə çərçivəsində bu ilin sonuncu rübündə Lənkəran Dövlət Universitetində də oxşar “USAID LAB” yaradılaraq tələbələrin istifadəsinə verilib.
COVID-19 infeksiyasının yayılması nəticəsində məsafədən və rəqəmsal platformalarda həyata keçirilən elektron təhsilin yüksəlişi ilə tədris forması kəskin şəkildə dəyişib. Bu baxımdan həmin laboratoriyalar pandemiya, eləcə də ondan sonrakı dövrdə universitetlərin onlayn tədris imkanlarını daha da genişləndirəcək. “USAID LAB” ali təhsil ocaqlarının tələbə və müəllim heyəti tərəfindən istifadə ediləcək.