CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi həyata keçirdiyi layihənin icra edildiyi ərazilərdə monitorinqlər aparıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” layihəsi çərçivəsində Quba, Qusar, Xaçmaz, Lənkəran və Zaqatala rayonlarına növbəti monitorinq səfərləri təşkil olunub.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində dəstək göstərilmiş mikro sahibkarlıq fəaliyyətlərinə baxış keçirilib, benefisiarlara əlavə fərdi qoruyucu və təhlükəsizlik vasitələri təqdim edilib və eyni zamanda onlara əmək təhlükəsizliyinə dair ilkin təlimatlar verilib.
Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi 2017-ci ildən etibarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Həssas icmaların dayanıqlılığının gücləndirilməsi” layihəsini həyata keçirib. Layihənin məqsədi həssaslığı ilə seçilən əhali qruplarının sosial-iqtisadi rifahının artırılmasıdır. Layihə çərçivəsində həssas icmalara dəstək məqsədilə icmalar tərəfindən müəyyənləşdirilmiş şəxslər kiçik biznesin inkişafı təlimlərinə cəlb olunub.
Təlimlərdə iştirak etmiş icma üzvləri tərəfindən təqdim olunmuş və ekspertlər tərəfindən qiymətləndirilmədən sonra seçilmiş uğurlu kiçik biznes planlarına maliyyə dəstəyinin göstərilməsi vasitəsi ilə hədəf qrupları arasında özünüməşğulluq imkanları artırılıb.