CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi lənkəranlı gənclər üçün onlayn biznes təlimi təşkil edib
Bakı, 13 iyul, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Lənkərandan seçilmiş gənclər üçün onlayn kiçik biznes təlimi təşkil edib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təlim Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunub.
Martın ortalarında Lənkəranda keçirilməli olan təlim COVID-19 pandemiyasına görə altıgünlük onlayn rejimə uyğunlaşdırılıb. Bütün iştirakçıların, xüsusən təsərrüfat işləri ilə məşğul olan qadınların iştirak etmələri üçün təlim axşamlar keçirilib.
Təlimin məqsədi region gəncləri arasında özünüməşğulluğun artırılmasına töhfə verməkdir. Bu təlimdə ictimaiyyətə açıq onlayn müraciət əsasında seçilmiş 9-u qadın və 10-u kişi olmaqla 19 gənc iştirak edib. İştirakçılar mikro biznes fəaliyyəti, eləcə də onun ölkədə təşkili və idarə olunması haqqında biliklərini zənginləşdiriblər. Onlar, həmçinin biznes planının hazırlanması ilə tanış olublar və planlarını təqdim etmək şansı qazanıblar. Sonda seçilmiş biznes ideyalara əlavə dəstək göstəriləcək.
Layihə region gənclərinə kiçik biznes ideyalarını həyata keçirmək üçün geniş imkan verməklə pandemiyanın gənclərə və yerli icmalara sosial-iqtisadi təsirlərinin minimuma endirilməsinə kömək edəcək.