CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Sosial Müdafiə Fondu əməkdaşlıq yollarını müəyyənləşdirir
Bakı, 4 iyun, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbərliyi ilə görüşüblər.
BMqT-nin nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişov fondun fəaliyyəti, son illərdə sosial təminat sistemində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və qarşıdan gələn dövrlər üçün prioritet hədəfləri barədə məlumat verib.
Himalay Məmişov çıxışında DSMF-in BMqT-nin Azərbaycan nümayəndəliyi ilə insanların rifahının artırılması və sosial təminat sahəsindəki işlər, xüsusən də ölkəyə könüllü olaraq qayıdan Azərbaycan vətəndaşları olan miqrantlar üçün kiçik biznesin yaradılmasına dəstək verilməsi sahəsində, habelə fondun təklif etdiyi mümkün yardım imkanlarını və hüquqi sənədləri əldə etmək üçün internetə çıxışı olmayan kənd yerlərində insanlar arasında maarifləndirmə fəaliyyəti kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqda fondun maraqlı olduğunu bildirib.
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev təmsil etdiyi qurumun səlahiyyətlərinə aid miqrasiya, reabilitasiya, həssas icma üzvləri və insan alveri qurbanlarının biznes təşəbbüslərinə dəstək, texniki yardım və qanunvericiliklə bağlı maarifləndirmə fəaliyyətləri kimi sahələrdə DSMF ilə əməkdaşlıq etmək üçün hazır olduqlarını təsdiqləyib.
Görüş sıx əməkdaşlıq şəraitində keçib, qarşıdakı fəaliyyətlərlə əlaqəli bəzi məsələlərə aydınlıq gətirilib və razılaşdırılıb. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar və gələcək təşəbbüslər üzərində işləmək üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.