CƏMİYYƏT


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin layihəsi “Qlobal enerji” mükafatının 2021-ci il üzrə milli qalibi seçilib

Bakı, 25 noyabr, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi “Qlobal enerji” mükafatının 2021-ci il üzrə qalibi seçilib.

BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın kəhriz adlanan qədim su təchizatı sistemlərinin bərpasında yeni texnologiyaların tətbiqi ilə bağlı layihəsi 180-dən çox ölkə tərəfindən təqdim edilmiş və ətraf mühitin mühafizəsinə yönəlmiş 2500-dən çox layihə arasından seçilib.

“Qlobal enerji” mükafatı hazırda ətraf mühit üzrə ən nüfuzlu mükafat hesab edilir. Bu mükafat hər il fərdi fəaliyyət, davamlı layihələr və ya davamlılığa dair məlumatlılığı artırmaq üçün kampaniyalarla ətraf mühitin qorunmasına töhfə verən ən yaxşı layihələrə verilir. Mükafatlar beş nominasiya (dünya, od, su, hava və gənclik kateqoriyası) üzrə və yeni xüsusi nominasiya olan Dayanıqlı Start-Up üzrə milli və beynəlxalq səviyyədə təqdim olunur. Mükafat Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayerl və Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan üzrə ticarət komissarı Qeorq Karabakzek tərəfindən təqdim edilib.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev innovativ kəhriz bərpası texnologiyasının böyük potensiala malik olduğunu və hətta Azərbaycanın hüdudlarından kənarda da yeni ekoloji su təchizatı sistemlərinin bərpası və tikintisində istifadə oluna biləcəyini qeyd edib: “Biz fəxr edirik ki, komandamız tərəfindən innovativ texnologiyaların tətbiqi ilə kəhriz adlanan qədim suvarma sistemlərinin bərpasının aparıldığı BMqT-nin Azərbaycan nümayəndəliyinin layihəsi 2021-ci il üzrə “Qlobal enerji” mükafatının milli qalibi seçilib. Hər iki mükafat belə layihənin insanlar və ətraf mühitin davamlılığı üçün əhəmiyyətini və vacibliyini göstərir. İnnovativ texnologiyanın tətbiqi ilə kəhrizlərin bərpası prosesi daha effektiv və təhlükəsiz olub. İnnovativ kəhriz bərpası texnologiyası böyük potensiala malikdir və hətta Azərbaycanın hüdudlarından kənarda da yeni ekoloji su təchizatı sistemlərinin bərpası və tikintisində istifadə oluna bilər.

Kəhrizlərin bərpası BMqT-nin Azərbaycanda həyata keçirdiyi ən mühüm və zamanında həyata keçirilən tədbirlərdən biridir. Nümayəndəlik 1998-ci ildən etibarən Azərbaycanda kəhrizlərin bərpası ilə məşğuldur. Həmin vaxtdan Azərbaycanın müxtəlif bölgələrində müxtəlif layihələr çərçivəsində 166 kəhrizi bərpa edilib. Nümayəndəlik hazırda KOICA-nın maliyyə dəstəyi ilə ənənəvi, dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası yolu ilə regionlardakı əhalinin təhlükəsiz və ardıcıl su təchizatı ilə təmin etmək üçün dördillik layihəni həyata keçirir. Əvvəlki layihələr kimi, cari layihə də gender, idarəetmə və ətraf mühitin mühafizəsi kimi məsələlərə xüsusi diqqət yetirilərək icma əsaslı yanaşmanı həyata keçirməyə davam edir.

Ümumilikdə, layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) prinsiplərinin həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.