REGİONLAR


Beynəlxalq Müəllimlər Günü bölgələrdə geniş qeyd edilib

Neftçala, 5 oktyabr, AZƏRTAC

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü bölgələrdə geniş qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Neftçalada keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, hazırda rayonun 51 ümumtəhsil məktəbində 10 min 64 şagird təhsil alır və 1251 müəllim onların təlim-tərbiyəsi ilə məşğul olur.

Diqqətə çatdırılıb ki, 2017-2018-ci tədris ilində rayon üzrə təhsilini başa vuran 618 şagirddən 290 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verib, onlardan 219 nəfəri qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, ali və orta ixtisas təhsili məktəblərinə qəbul olub. Tələbə adını qazanan məzunlardan 42 nəfəri 500-600 arası, 14 nəfəri isə 600-dən çox bal toplayıb.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin məsul işçisi Elnur Bağırov müəllimləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Dövlətin təhsilin inkişafına xüsusi önəm verməsi və bu istiqamətdə reallaşan layihələr barədə danışan Elnur Bağırov Neftçalanın təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Tədbirdə çıxış edən müəllimlər təhsilə, elmə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda qabaqcıl müəllimlərə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

X X X

Salyanda 18 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olan 2200 müəllim ötən tədris ilini müsbət göstəricilərlə başa vurub.

Bu barədə Salyanda keçirilən Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbirdə ətraflı danışılıb.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin iclas zalında keçirilən tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev bildirib ki, bu il ümumtəhsil məktəblərini bitirən 1056 nəfər şagirddən 363 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Məzunlardan 29 nəfəri 600-dən çox, 90 nəfəri isə 500-600 arası bal toplayıb. Rayon müəllimləri bundan sonra da səylə işləməli, savadlı və bilikli gənc nəslin yetişməsində əllərindən gələni əsirgəməməlidirlər.

İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Beynəlxalq Müəllim Günü münasibətilə müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, onların cəmiyyətin tərəqqisində, savadlı nəslin formalaşmasındakı rolundan danışıb.

Mərasimdə çıxış edən müəllimlər təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup qabaqcıl müəllimə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri verilib.

X X X

5 oktyabr - Beynəlxalq Müəllimlər günü Saatlıda da qeyd olunub.

Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov bildirib ki, Azərbaycanda gedən hərtərəfli inkişaf təhsil sistemində də nəzərə çarpan dəyişiklik və ürəkaçan mənzərə yaradıb. Respublikada həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında rayonda fəaliyyət göstərən bütün pedaqoji kollektivlər yaxından iştirak edir.

Qeyd olunub ki, bu il ümumtəhsil məktəblərinin XI sinfini bitirən şagirdlərdən 198 nəfəri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 24 nəfəri 500-dən yuxarı, 23 nəfəri isə 600-dən çox bal toplayaraq tələbə adını qazanıb.

Sonra çıxış edən rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Reyhan Ocaqova müəllimləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan R.Ocaqova, rayonda bu istiqamətdə görülən işlər barədə məlumat verib. Son illər rayonda 6 məktəb binasının tikilib istifadəyə verildiyi, 6 təhsil ocağının isə əsaslı təmir edildiyi, hazırda Sarıcalar kənd tam orta məktəbində əsaslı təmir işlərinin aparıldığı yığıncaq iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirin sonunda bir qrup qabaqcıl müəllimə hədiyyələr təqdim olunub.

X X X

Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində də Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə tədbirdə çıxış edərək təhsil işçilərini təbrik edib, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 15 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursu həyata keçirilib. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilib. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Mehdi Səlimzadə qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr istedadlı, bilikli gənclərin hər sahədə önə çəkilməsinə, təhsilimizin inkişafına təkan verib.

Azərbaycanda təhsilə göstərilən dövlət qayğısı nəticəsində Göyçayda da yeni təhsil ocaqlarının, uşaq bağçalarının tikilib istifadəyə verildiyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı bildirib ki, builki məzunların 368 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 25 nəfəri 600 bal, 1 nəfəri isə ən yüksək göstərici olan 700 bal toplayıb.

Tədbirdə bir qrup təhsil işçisi rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib, hədiyyələr verilib.

X X X

5 oktyabr – Beynəlxalq Müəllim Günü münasibətilə Ağsu rayonunda təntənəli yığıncaq keçirilib.

Tədbiri rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov acaraq son illərdə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, qazanılan uğurlardan danışıb.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. S.Mirzəliyeva ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, müəllim əməyinin cəmiyyətimizdəki mühüm əhəmiyyətindən danışıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülən şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Bəsti Nemətova, “Tərəqqi” medalı ilə təltif edilən Daşdəmirbəyli kənd tam orta məktəbin müəllimi Kəmaləddin Rüstəmov fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup müəllimə rayon icra hakimiyyətinin və Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilib.

X X X

İsmayıllıda Regional Mədəniyyət Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə rayon rəhbərliyi, ziyalılar, veteran müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tədbirdə məruzə ilə çıxış edib, təhsil sahəsində qazanılan uğurlardan danışıb.

İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib. M.Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Son illər İsmayıllının təhsil sistemində qazanılan uğurların məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. İcra hakimiyyətinin başçısı Prezidentin Sərəncamı ilə Lahıc qəsəbəsində 400 şagird yerlik məktəb binasının tikilib istifadəyə verilməsini xüsusi qeyd edib.

Sonra M.Sadıqov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülən şəhər 6 saylı tam orta məktəbin direktoru Qalib Bəşirovu və “Tərəqqi” medalı ilə təltif olunan şəhər 1 saylı tam orta məktəbin müəllimi Bahar Abdullayevanı təbrik edib.

Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbir konsert proqramı ilə başa çatıb.

X X X

Oktyabrın 5-də ölkəmizin cənub bölgəsində Beynəlxalq Müəllimlər Günü bayram sevinci ilə qeyd olunub.

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva rayonun təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə müəllim əməyinə həmişə yüksək qiymət verdiyini, müəllimlərin sosial qayğılarını daim diqqət mərkəzində saxladığını vurğulayan R.Əliyeva Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən milli təhsilin inkişafına daim diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, dövlətimizin başçısının imzaladığı sərəncamlara müvafiq olaraq, ölkəmizin bütün bölgələrində, o cümlədən Lənkəran rayonunda təhsilin maddi-texniki bazası gücləndirilir, yeni məktəb binaları tikilərək istifadəyə verilir.

Ölkəmizdə bacarıqlı pedaqoji kadrların hazırlığına diqqətin artırıldığını deyən R.Əliyeva Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı sahəsində görülən işlərdən də danışıb.

Rayon Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov çıxışında builki tədris ilində Siyavar kəndində 96 şagird yerlik modul tipli yeni məktəb binasının tikilib istifadəyə verildiyini, hazırda rayonun Köhnəgəgir kənd ümumi orta məktəb üçün 40 şagird yerlik, Jidi kənd ümumi orta məktəb üçün 96 şagird yerlik, Türkəncil kənd ümumi orta məktəb üçün 80 şagird yerlik modul tipli binaların tikintisinin davam etdiyini, yaxın vaxtlarda rayonun Gəgiran kənd tam orta məktəbi üçün 264 şagird yerlik yeni binanın tikintisinə başlanılacağını bildirib.

Tədbirdə çıxış edənlər son illər Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, yeni məktəb binalarının tikintisindən, bu sahədə qazanılmış uğurlardan söz açıblar.

Mərasimdə müəllimlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.

X X X

Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun müəllimlərini əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.

R.Hüseynov çıxışında müəllim peşəsindən, məktəb-valideyn əlaqələrindən danışaraq, veteran müəllim Xanhüseyn Musayevin əmək fəaliyyətinin gənclərə nümunə olduğunu bildirib. O, Prezident İlham Əliyevin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüş Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalovu yüksək mükafat münasibətilə təbrik edib.

Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, müəllimlərin qazandığı uğurlardan danışaraq qeyd edib ki, masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.

Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbə yüksək balla qəbul olunmuş gənc müəllim Şəhla Abgözəlova, Kolatan kəndindən veteran müəllim Xanhüseyn Musayev, Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova, Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin direktoru Abusət Zeynalov həmkarlarına xoş arzularını çatdırıb, ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda müəllimlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.

X X X

Lerik şəhər 3 nömrəli tam orta məktəbdə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş ümumrayon tədbirində idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara fəaliyyətində uğurlar arzulayıb.

R.Bağırov Prezident İlham Əliyevin 2018-ci il 4 oktyabr tarixli Sərəncamı ilə Nuravud kənd tam orta məktəbin müəllimi Rasim Liftiyevin “Tərəqqi” medalı, Təhsil Nazirliyinin əmri ilə Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Asəf Bədəlovun və Gürdəsər kənd tam orta məktəbin müəllimi Vahid Cəbrayılovun döş nişanı ilə təltif olunmasını müəllim əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib.

Ümumrayon tədbirində Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, qabaqcıl təhsil işçisi Hüseynbala Əliyev, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva, Şingədulan kənd tam orta məktəbin direktoru Xansayad Əskərov, Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin müəllimi Zakir Vəliyev və başqaları çıxış edərək, Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıb, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar.

Sonda müəllimlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

X X X

Beynəlxalq Müəllimlər Günü münasibətilə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, təhsil işçiləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rayonun təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından, Prezident İlham Əliyevin sərəncamları ilə son illər ölkəmizdə tikilən və əsaslı təmir olunan təhsil müəssisələrindən, bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlərdən və ötən təhsil ilində rayon məktəblərinin qazandığı uğurlardan danışıb.

Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda qabaqcıl müəllimlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.