MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzi Meksika fortepiano məktəbini təqdim edib VİDEO

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də Beynəlxalq Muğam Mərkəzinin və Meksika səfirliyinin təşkilatçılığı ilə tanınmış meksikalı pianoçu Xesus Lepenin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə dünya şöhrətli bəstəkarlar Bax, Bethoven və Şopenlə yanaşı, Meksikanın klassik musiqi ifaçılarından Xesus Belisario və Rikardo Kastronun əsərləri də səsləndirilib.

“Azərbaycana ikinci dəfədir gəlirəm. Ölkə haqqında təəssüratlarım çox zəngindir. Xalqınız çox mehriban, səmimi və insana qarşı diqqətlidirlər. Burada olmağımdan çox məmnunam”, deyə X.Lepe bildirib.

Pianoçu gələcəkdə Meksika və Azərbaycan musiqiçilərinin birgə mübadilə aparmalarını arzulayıb və onların maraqlı layihələr ərsəyə gətirəcəklərinə inandığını deyib.

Pianoçu Azərbaycana səfərindən istifadə edərək dənizkənarı Milli Parkda, Fəvvarələr meydanında, İçərişəhərdə olduğunu söyləyib. Meksikalı qonaq bu müddətdə, hətta yerli mətbəximizlə tanış olduğunu vurğulayıb.

Tamaulipas ştatının Tampiko şəhərində dünyaya göz açan Xesus Lepe Riko musiqi təhsilini Tamaulipas Muxtar Universiteti və Verakruz Universitetində alıb. O, bir sıra milli mükafatlara layiq görülüb, Meksikanın bir çox səhnələrində solist ifaçı kimi çıxış edib. Piano üzrə Beynəlxalq Papantla Festivalının təsisçisi və baş direktorudur. Bundan əlavə, 2011-ci ildən Verakruz ştatının Papantla de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin piano sinfinin rəhbəri və müəllimi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Xesus Lepe sentyabrın 6-da Qəbələ Mədəniyyət Mərkəzində, sentyabrın 11-də isə Sumqayıt şəhərində konsert proqramı ilə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.