MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində naxçıvanlı məktəblilər üçün konsert proqramı təqdim olunub
Bakı, 16 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasından olan məktəblilər Bakı və onun görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, martın 16-da naxçıvanlı məktəblilər Beynəlxalq Muğam Mərkəzini ziyarət ediblər. Dənizkənarı Milli Parkda yerləşən bu Mərkəz barədə şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması və dünyada geniş təbliğ edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr sırasında xüsusi yer tutan Beynəlxalq Muğam Mərkəzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilib.
Mərkəzin binası öz formasına görə Azərbaycanın qədim musiqi alətlərindən biri olan tara bənzəyir. Ən müasir texnologiyalardan istifadə olunmaqla tikilmiş bu bina üçün zəruri avadanlıq Türkiyə, İtaliya, Avstriya və Fransadan gətirilib. 2008-ci il dekabrın 27-də açılmış Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, tədris otaqları və səsyazma studiyası var.
Qeyd edilib ki, Azərbaycan muğamı ümumbəşəri mədəniyyətin nadir şedevrləri sırasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu fakt musiqi sənətinin muğam janrının bənzərsizliyini bir daha təsdiqləyir.
Sonra xanəndələr Hüseyn Məlikov, Rəvanə Əmiraslanlı, Rəvanə Qurbanova muğamlardan və xalq mahnılarından ibarət proqramla çıxış ediblər.
Beynəlxalq Muğam Mərkəzi ilə tanışlıq naxçıvanlı məktəblilərdə xoş təəssürat oyadıb.