MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində növbəti tədbir “Xəlqilik, millilik, beynəlmiləllik” mövzusuna həsr olunub
Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş “Xəlqilik, millilik, beynəlmiləllik” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin foyesində sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunan “Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr” kitabı nümayiş edilib, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının ifasında musiqi nömrələri səsləndirilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev yeni nəşr olunan kitabla tanış olub və ansamblın ifasını dinləyib.
Sonra böyük bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səslənib. Konsert proqramında Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova və Anar Şuşalı, xanəndələrdən Rəvanə Qurbanova və Səbinə Ərəbli Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan” operalarından müxtəlif musiqi əsərlərini ifa ediblər. Solistləri tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi “Buta” instrumental ansamblı müşayiət edib.