MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 25-də Beynəlxalq Muğam Mərkəzi (BMM) və Avrasiya Xalqları Assambleyası (AXA) arasında “Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində videokonfrans təşkil ediləcək. Videokonfrans assambleyanın təşəbbüsü ilə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, videokonfrans zamanı BMM-nin təqdimatı və assambleya ilə əməkdaşlığın gələcək planları və birgə layihələrin təşkili müzakirə olunacaq.
Diqqətə çatdıraq ki, sosial izolyasiya dövründə AXA tərəfdaşları ilə bir sıra onlayn görüşlər reallaşdırır. İkitərəfli əməkdaşlıq sazişinin qaydalarına uyğun olaraq növbəti onlayn görüşün BMM ilə keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, ötən ilin sentyabrın 30-da Azərbaycanda keçirilən Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində “Avrasiya Xalqları Assambleyası” ilə BMM arasında birgə əməkdaşlıq sazişi imzalanıb. Bu saziş əsasında ilk olaraq BMM-də Bakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində dəyirmi masa təşkil edilib. Müzakirələr “Avrasiya xalqlarının mədəni irs ənənələri” mövzusuna həsr edilib. Beynəlxalq əlaqələrini genişləndirən BMM artıq bir sıra ölkələrin institut və təşkilatları ilə əlaqələr yaratmağa nail olub. Bu əlaqələr nəticəsində qarşılıqlı əməkdaşlıqla bağlı memorandumlar imzalanıb. BMM muğam və milli musiqimizin təbliği çərçivəsində müxtəlif mədəni tədbirlərin, mühazirələrin və onlayn layihələrin inkişaf planı, hazırda beynəlxalq onlayn konfransların təşkili istiqamətində işlər aparılır.