SİYASƏT
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilk mətbuat konfransını keçirib
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində ilk mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun fəaliyyəti barədə məlumat verərək deyib: “Mərkəz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 6 fevral tarixli Fərmanı ilə yaradılıb. Ötən 5 ay ərzində mərkəzin fəaliyyəti ilə bağlı lazımi sənədləşmə işləri aparılıb və bu proses hələ də davam edir. Cari ilin aprelində Mərkəzin əsasnaməsi təsdiqlənib. İyulun 15-də isə büdcəmiz təsdiq olunub”.
Fərid Şəfiyev bildirib ki, Mərkəz üç əsas istiqamət üzrə fəaliyyət göstərəcək. “İlk növbədə, biz ölkə rəhbərliyi, dövlət qurumları üçün Ermənistan-Azərbaycan münaqişəsinə, ölkənin xarici siyasətindəki məsələlərə dair arayışlar, məruzələr tərtib edəcəyik. Bununla yanaşı, ikinci istiqamət kimi mətbuat, təhsil müəssisələri, ictimaiyyət üçün sözügedən mövzularla əlaqədar açıq istifadəsi nəzərdə tutulan şərhlərin və tədqiqatların hazırlanması həyata keçiriləcək. Üçüncü vacib istiqamət isə xaricdəki beyin mərkəzləri ilə əməkdaşlıqdır. Biz, həmçinin Azərbaycanla bağlı elmi araşdırmaların kəmiyyətini və keyfiyyətini artırmaq niyyətindəyik. Mərkəz gələcəkdə Azərbaycanla bağlı araşdırma aparacaq xarici alimlər üçün təqaüdlərin açılmasını nəzərdə tutur”,- deyə İdarə Heyətinin sədri vurğulayıb.
Fərid Şəfiyev bildirib ki, yaxın aylarda Mərkəzin yeni saytı fəaliyyətə başlayacaq və saytda təqaüd, staj, iş və könüllülük imkanları barədə məlumat veriləcək. O, mərkəzi açıq platformaya çevirmək niyyətində olduğunu əlavə edib. Onun sözlərinə görə, bu gündən etibarən Mərkəzin sosial şəbəkələrdə səhifələri fəaliyyətə başlayacaq, media və ictimaiyyətlə daha sıx işlənəcək.
İdarə Heyətinin sədri, həmçinin BMTM-in yeni loqosunu da media nümayəndələrinə təqdim edib.