Beynəlxalq Muzeylər Günü münasibətilə konsert proqramı təqdim edilib
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Şuşa İli”nə həsr olunmuş tədbirlər çərçivəsində və 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbiri baş direktor akademik Nailə Vəlixanlı açaraq, Beynəlxalq Muzeylər Günü münasibətilə muzey işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra muzeyin icraçı direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov bir qrup əməkdaşa işindəki uğurlarına görə fəxri fərman təqdim edib.
Daha sonra musiqi proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Akademik Opera və Balet Teatrının, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Əməkdar artistləri və mədəniyyət işçiləri, Azərbaycan Milli Konservatoriyasının tələbələri, Bakı Dövlət Universiteti Mədəniyyət Yaradıcılıq Mərkəzinin rəqs qrupu iştirak edib.
Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndirilib, “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarından səhnələr göstərilib, ariya və romanslar ifa olunub.

Xəbərin mətnində orfoqrafik səhv var