MƏDƏNİYYƏT
Beynəlxalq Muzeylər Gününə həsr olunan konfransda müxtəlif mövzularda məruzələr dinləniləcək
Bakı, 16 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 19-da beynəlxalq onlayn konfransın açılış mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) Pakistan Milli Komitəsi və KUMID Türkiyənin təşkil etdiyi konfransın məqsədi muzey sahəsində çalışan mütəxəssisləri yaxınlaşdırmaq, muzeylərin idarə olunması və mədəni irsin qorunması ilə bağlı təcrübə mübadiləsidir.
Konfransın ilk sessiyası ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə baş tutacaq. Sessiyada Beynəlxalq Muzeylər Gününün builki devizinə uyğun olaraq “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” adı altında “Rəqəmsal transformasiya”, “Sosial aktuallıq və davamlılıq”, “Yeni biznes modelləri” kimi mövzularda məruzələr dinləniləcək.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova, “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova və “YARAT” Müasir İncəsənət Məkanının kuratoru Fərəh Ələkbərli, eləcə də Lahorun Təbiət Tarixi Muzeyinin baş meneceri Avais Malik, Banqladeş Milli Muzeyinin keçmiş baş direktoru və ICOM Banqladeş İdarə Heyətinin üzvü Fayzul Latif Çoudhari və Yeni Delhidə Prezident Ev-Muzeyinin direktor müavini Pankaj Protim Bordoloi çıxış edəcək.
Otuz iki müxtəlif ölkədən olan ICOM-un milli komitələrinin, ayrı-ayrı mədəniyyət təşkilatlarının və universitetlərin əməkdaşlığı ilə baş tutacaq konfrans qruplar üzrə sessiyalarla noyabr ayınadək davam edəcək.