İQTİSADİYYAT
Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun Bakı iclası başa çatıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakıda keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası oktyabrın 15-də öz işinə yekun vurub.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasın ikinci günündə gündəlikdə duran məsələlər, Keyfiyyət Xartiyasında nəzərdə tutulmuş tələblərin üzv ölkələrdə cari icra vəziyyəti və növbəti illərdə beynəlxalq sərnişin və yükdaşımaları sahəsində prioritetlər müzakirə edilib. Həmçinin Avstriya, Belçika, Danimarka, Macarıstan, Polşa və Türkiyənin müsbət nəticə verən platforma layihələri tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Azərbaycanın Keyfiyyət Xartiyasına qoşulmasına dair həyata keçirdiyi tədbirlər məqsədəuyğun hesab edilib. Yekun iclasda BNF-nin fəaliyyətinin gücləndirilməsində üzv dövlətlərin rolunun artırılması, il ərzində nəzərdə tutulan tədbirlər və qəbul edilən sənədlər barədə fikir mübadiləsi aparılıb.